"Əsassız vəsatətə görə indiyədək 1 vəkil cərimələnib, həmin qərar yuxarı instansiya məhkəməsi tərəfindən ləğv olunub"


  • 27 May 2023 16:26

"Əsassız vəsatət verən vəkillərin cərimələnməsi barədə qərar qətiyyən onların hüquqlarının məhdudlaşdırılmasına, məhkəməyə müraciət hüquqlarından istifadə etməsinin qarşısının alınmasına yönəlik addım deyil".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev Real TV-də yayımlanan "Femida vaxtı" verlişində deyib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda edilən sözügedən dəyişiklikdən ötən dövr ərzində vəkilin cərimələnməsi ilə bağlı cəmi bir hal baş verib. Həmin qərar da yuxarı instansiya məhkəməsi tərəfindən ləğv olunub.

"Yəni görünən odur ki, vəkillərin bu məsələdə narahatlıqları əsassızdır. Burada məqsəd preventiv tədbirlərin görülməsi, işin əsassız şəkildə uzadılmasının qarşısını almaqdır. Bəzən vəkillər tərəfindən açıq-aydın əsassız vəsatətlər verilirdi. Məsələn, uşaqla ünsiyyətlə bağlı, uşağın mənafeyinə xidmət edən və qısa müddətdə həll olunmalı bir iş əsassız vəsatətlər nəticəsində illərlə davam edirdi. Bu tədbirləri görməkdə əsas məqsəd belə sui-istifadə hallarını aradan qaldırmaq idi", - deyə S.Hacıyev qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər