Komitə sədri: "Vəkillər Kollegiyası kibertəhlükəsizlik sahəsində tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verir"


  • 31 May 2023 19:22

"İstər kibercinayətkarlıqla mübarizə, istər bu sahədə fəaliyyət göstərən qurumlararası əməkdaşlığın, inteqrasiyanın gücləndirilməsi, istərsə də cəmiyyətin diqqətini, həssaslığını bu problemə yönəldilməsi baxımından "II Milli Kibertəhlükəsizlik Forumu" çox əhəmiyyətlidir".

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyası yanında Kibercinayətkarlıq və Kibertəhlükəsizlik Komitəsinin sədri Asif Mustafayev deyib.

O bildirib ki, ölkəmizdə kibertəhlükəsizlik sahəsində önəmli tədbirlər həyata keçirilir: "Vəkillər Kollegiyası, xüsusilə hörmətli sədrimiz Anar Bağırov kibercinayətkarlıq sahəsinə xüsusi diqqət ayırır. Anar müəllimin təşəbbüsü ilə 2019-cu ildən etibarən tərəfimdən Ədliyyə Akademiyasında vəkillər üçün icbari təlimlərdə, həmçinin əlavə ixtisasartırma kurslarında “Kibercinayətkarlıq” və “Uşaqların online cinsi istismarı” mövzuları tədris edilməyə başlanılıb. Bundan əlavə, Ədliyyə Akademiyasında hakimliyə namizədlər üçün kurslarda da "Kibercinayətkarlıq" müvzusu tədris edilməkdədir".

A.Mustafayev qeyd edib ki, 2022-ci ildə Vəkillər Kollegiyasının nəzdində Kibercinayətkarlıq və Kibertəhlükəsizlik Komitəsi fəaliyyət başlayıb: "Komitə bu sahədə ixtisaslaşan vəkilləri bir araya toplamaq, təcrübələrin öyrənilməsi, əhalinin maarifləndirilməsi, praktikada meydana çıxan problemlərin öyrənilməsi və təkliflərin verilməsi və digər məsələlərlə məşğuldur. Onu da qeyd edim ki, artıq 2023-cü ilin 2-ci yarısı üçün zəngin bir proqram hazırlamışıq".

Komitə sədrinin fikrincə, kibercinayətkarlıqla bağlı istintaq və məhkəmə işlərində vəkillərin bu sahə üzrə ixtisaslaşması çox önəmlidir: "Kibercinayətlərda təqsirləndirilən yaxud zərərçəkmiş şəxslərin hüquqi müdafiəsini də effektiv formada həyata keçiririk. Komitə qurulduqdan sonra artıq vətəndaşlar bizə müraciət etməyə başlayıblar və hazırda vətəndaşların müxtəlif instansiyalarda hüquqi müdafiəsi davam etdirilir".

A.Mustafayev deyib ki, kibertəhlükəsizliklə bağlı hüquqi sahələrdə də bir çox işlərin görülməsi vacibdir: "Məsələn "Cybergrooming" (uşaqların onlayn cinsi istismarı) ilə bağlı hələ də Cinayət Məcəlləsində heç bir norma yoxdur. Yaxud elektron sübutlar, onlayn əməliyyat-axtarış tədbirlərində də bir sıra vacib işlər görülməlidir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər