Bolqarıstan VK: "Anar Bağırov Azərbaycan vəkilliyi üçün böyük işlər görür"


  • 6 İyun 2023 18:47

"Bakıda "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda keçirilən beynəlxalq konfrans bu sahədə mövcud problemlərin müzakirəsi üçün çox faydalı oldu".

Bunu e-huquq.az-a açıqlamasında Bolqarıstan Vəkillər Kollegiyaları Şurasının prezidenti İvaylo Dermendjiev deyib.

O, türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən konfransı yüksək qiymətləndirib.

"Təşkilatçılıq mükəmməl idi. Azərbaycanlı həmkarlarımız bizə qarşı çox qonaqpərvər yanaşdı. Biz də ötən il Sofiyada belə bir tədbir təşkil etmişdik. Lakin müqayisədə Bakıdakı tədbirin daha böyük və mükəmməl olduğunu deyə bilərəm. Digər ölkələrdən olan vəkillərlə fikir mübadiləsi aparmaq çox xoş oldu. Eyni zamanda konfransda insan hüquqlarının vəziyyəti və gender bərabərliyi ilə maraqlanan çoxlu gənc simaları görmək məni heyran etdi. Həm də xeyli sayda könüllü tələbələr gördüm ki, onların gələcəkdə peşəkar hüquqşünas olacaqlarını düşünürəm", - deyə İ.Dermendjiev bildirib.

O, həmçinin azərbaycanlı vəkillərlə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib: "Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov çox peşəkar və fəal insandır. Mən onu dəfələrlə beynəlxalq tədbirlərdə görmüşəm. O, Azərbaycan vəkilliyi üçün böyük işlər görür. Bakıdakı konfransda iştirak edən digər ölkələrdən olan vəkillər də onun vəkillik və vəkillər üçün həyata keçirdiyi islahatları heyranlıqla qarşıladı. Hesab edirəm ki, Azərbaycan və Bolqarıstan vəkillərinin birgə iştirakı ilə görüş və ya bir tədbir təşkil olunmalıdır. Biz azərbaycanlı həmkarlarımızı Sofiyada görməyə çox şad olarıq".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər