- 14 İyun 09:58
İyunun 6-da ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri cənab Yan Lidel-Qreyngerin və xanım Liz Kristofersen Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında olublar.
E-huquq.az xəbər verir ki, Kollegiyanın sədri cənab Anar Bağırov qonaqları salamlayaraq, Avropa Şurası ilə əməkdaşlığın əhəmiyyəti, qarşılıqlı əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Sədr son illərdə məhkəmə hüquq sahəsində, vəkillikdə aparılan mütərəqqi islahatlar, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətində vəkillərin rolu və mövcud durum barədə məlumat verib.
Sonra, Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov vəkillik sahəsində aparılan uğurlu islahatlar, Kollegiya tərəfindən görülən çoxşaxəli işləri özündə əks etdirən geniş təqdimatla çıxış edib.
Daha sonra cənab Yan Lidel-Qreyngerin və xanım Liz Kristofersen isə səmimi görüşə görə təşəkkürlərini bildirib, Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığın insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində böyük rol oynadığını diqqətə çatdırıblar.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Görüşdə, həmçinin AŞPA-nın Monitorinq komitəsinin katibi xanım Aynyaşka Szklanna, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Petr Zix, AR Vəkillər Kollegiyasının sədr müavini cənab Şahmar Məmmədov, AR Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü cənab Elçin Usub, Aparat rəhbəri cənab Bayram Orucov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri xanım Nərmin Abbasova iştirak edib.