- 14 İyun 09:58
Milli Məclisin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
E-huquq.az xəbər verir ki, layihə ilə bağlı çıxış edən deputat, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib ki, mülki işlər üzrə birinci və apellyasiya instansiyası məhkəmələrində aztəminatlı şəxslərin dövlət hesabına vəkillə təmin olunmasını nəzərdə tutan layihə ölkəmizdə insan hüquqlarının müdafiəsinə ciddi töhfə verəcək.
"Çünki, bu əslində ciddi siyasi iradədir, təcrübə göstərir ki, inkişaf etmiş ölkələrdə belə, adətən dövlət öz rolunu yalnız məhkəmə çatımlığına şərait yaradılması ilə bitmiş hesab edir, lakin, cənab İlham Əliyev bu təşəbbüsü ilə ciddi siyasi iradə ifadə edərək əhalinin az təminatlı, işsiz və xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin dövlət hesabına peşəkar hüquqi yardım almasına təminat verir. İstisnasız olaraq deyə bilərik ki, bu Heydər Əliyev ilində, Ulu Öndərin insan konsepsiyasına, İnsan hüquqları baxışına ən böyük töhfələrdən biridir", - deyə o bildirib.
Deputat həmçinin qeyd edib ki, bu layihə vəkillik fəaliyyəti üçün də xüsusi önəm təşkil edir: "Dünən işçi qaydada Vəkillər Kollegiyasının sədri Anar Bağırovla bu layihəni bir daha müzakirə etdik və xahiş etdi ki, Vəkillər Kollegiyası rəhbəri, Rəyasət heyəti üzvlərinin, o cümlədən, vəkillərimizin adından bu möhtəşəm dəyişiklik təşəbbüsünə görə möhtərəm Prezidentə bir daha minnətdarlığımızı çatdıraq. Eyni zamanda vəkillərimiz, hüquq ictimaiyyəti nümayəndələri başda Milli Məclisin sədri Sahibə xanım Qafarova olmaqla, bütün deputatlarımıza hər iki oxunuşda istisnasız dəstəyə görə təşəkkür edir".
Qeyd edək ki, sözügedən qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.