- 14 İyun 09:58
"Təəssüflə qeyd etmək istəyirəm ki, bu gün gender əsaslı zorakılıq və məişət zorakılığı bütün dünyada mövcud olan ortaq problemlərimizdəndir. Bu problemin aradan qalıdırılması üçün birgə tədbirlərin təşkili vacibdir. Bakıda keçirilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfrans bu baxımdan əhəmiyyətli oldu".
Bunu e-huquq.az-a açıqlamasında Serbiya Vəkillər Kollegiyasının prezidenti Jasmina Milutinoviç deyib.
Jasmina Milutinoviç bu cür tədbirlərin gələcəkdə də Azərbaycanda keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.
"Azərbaycanlı həmkarlarımız bu işin öhdəsindən çox uğurla gəldi. Biz türk dünyasının ilk qadın hüquqşünası və vəkili Sürəyya Ağaoğlunun həyat və yaradıcılığı ilə tanış olduq. Onun barəsində ətraflı məlumat almaq çox maraqlı idi. Əminəm ki, belə qadınlar dünyanı yaxşılığa doğru dəyişə bilərlər. Konfransda digər ölkələrin bu sahədə üzləşdiyi problemləri, gender bərabərliyinin təmin edilməsi üzrə təcrübələri öyrənmək faydalı oldu. Konfrans öz məqsədlərinə çatdı və sonda "Gender bərabərliyinin təmin edilməsi üzrə" Birgə Bəyannamə qəbul edildi. Belə bir uğurlu konfransın təşkilinə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasını təbrik edirəm", - o qeyd edib.
Milutinoviç, gender bərabərliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının həyata keçirdiyi işləri təqdirəlayiq hesab edib: "Azərbaycandan olan həmkarlarımın məruzə və çıxışlarından ölkənizdə maddi vəziyyəti peşəkar hüquqi yardım almağa imkan verməyən qadınların hüquqlarının müdafiəsi üçün həyata keçirilən işlərlə tanış oldum. Azərbaycan Vəkillər Kollegiyasının bu sahədə fəaliyyətini və əldə etdiyi nailiyyətləri əlamətdar hesab edirəm. Azərbaycanlı həmkarlarımızla bu sahədə əməkdaşlığın genişləndiriləcəyinə ümid edirəm".
Şəbnəm Mehdizadə