- 14 İyun 09:58
İyunun 2-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
E-huquq.az xəbər verir ki, iclasda Kollegiya tərəfindən “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlər, 1-4 iyun tarixində keçirilən, Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən Beynəlxalq Konfrans və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilib.
Sonra iclasda vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 8 vəkilliyə namizədin və əvvəllər apellyasiya məhkəməsinin sədri olmuş Qürbət Əsgərovun andiçmə mərasimi keçirilib.
İclasda türk dövlətlərinin ilk qadın vəkili Sürəyya Ağaoğlunun xatirəsinə həsr olunan və hər il keçirilməsi nəzərdə tutulan “Sürəyya Ağaoğlu adına Vəkillərin Beynəlxalq Formu”nun keçirilməsi qərara alınıb.
Həmçinin, iclasda, vəkillərin başqa vəkil qurumuna keçmək, müəyyən müddətə üzvlük haqqından azad olunma və sairə məsələlərə baxılmış, müsbət qərarlar verilib.
Bundan başqa, iclas çərçivəsində vəkillər barəsində başlanılmış 16 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərər qəbul olunub, 1 vəkilə irad tutulub.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.