Gürcüstan VK: "Azərbaycan Vəkillər Kollegiyası ilə əməkdaşlıq bizim üçün vacibdir"


  • 19 İyun 2023 12:50

"Biz Azərbaycan Vəkillər Kollegiyasının beynəlxalq insan hüquqları hüququ kontekstində gender bərabərliyi ilə bağlı müzakirələr keçirmək təşəbbüsünü alqışlayırıq".

Bunu e-huquq.az-a açıqlamasında Gürcüstan Vəkillər Kollegiyası Məhkəmə-Hüquq Komitəsinin sədri Sophio Sokhadze iyunun 2-də Bakıda keçirilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfrans barədə danışarkən deyib.

O bildirib ki, konfransda mühüm mövzulara toxunulub: "Beynəlxalq hüquqi kontekstdə gender bərabərliyi, qadınlara qarşı zorakılığa son qoyulması, qadınların səlahiyyətlərinin artırılması və digər məsələlər müzakirə olundu. Eyni zamanda, cəmiyyətdə gender bərabərliyinin təşviqi kontekstində hüquq peşəsinin, xüsusilə də hüquqşünasların rolundan bəhs edildi. Konfransın sonunda iştirakçı ölkələrdə gender siyasətinin təkmilləşdirilməsinə, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsinə, qadınların hüquqlarının müdafiəsi üçün müvafiq mexanizmlərin işlənib hazırlanmasına və onlara çıxışın təmin edilməsinə dəstək verəcək birgə bəyannamə imzalandı".

Sokhadze deyib ki, həm gender bərabərliyi kontekstində, həm də daha geniş hüquqi çərçivədə Azərbaycan Vəkillər Kollegiyası ilə əməkdaşlıq gürcüstanlı vəkillər üçün vacibdir: "Bu, bizə çətinlikləri birlikdə həll etməyə və ən yaxşı beynəlxalq təcrübələri bölüşməyə imkan verir. İnanırıq ki, bu cür görüşlərin gələcəkdə də davamlı olaraq təşkili, geniş spektrli hüquqi mövzuları əhatə etməsi qabaqcıl beynəlxalq təcrübə mübadiləsinə və ölkələr arasında hüquqi əməkdaşlığın təkmilləşdirilməsinə kömək edəcək".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər