- 14 İyun 09:58
"Son 25 ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qanunun aliliyinin və fundamental hüquqların qorunmasında, xalqımızın konstitusiya bütövlüyünün təmin edilməsində mühüm rol oynayıb. O, Konstitusiyamızın keşiyində duran, ədalət çırağı və cəmiyyətimizin üzərində qurulduğu dəyərlərin simvolu kimi xidmət edib".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov iyulun 4-də Bakıda “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, Konstitusiya Məhkəməsi mövcud olduğu bütün dövrlərdə haqqa, ədalətə və bərabərliyə sarsılmaz sadiqlik nümayiş etdirib: "Mürəkkəb konstitusion mübahisələrinin həllində, hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasında zəruri rol oynayıb. Konstitusiya Məhkəməsinin Plenum qərarları cəmiyyətimizin hüquq düşüncəsini zəngiləşdirmiş, hüququn aliliyi, hüquqi müəyyənlik, mütənasiblik və tarazlığın bərqərar olmasında mühüm rol oynamış və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərini formalaşdırıb. Məhz bu missiyanın həyata keçirilməsində Konstitusiya Məhkəməsini dəstəkləmək və gücləndirmək bütün vətəndaş cəmiyyəti institutlarının borcudur. Bu gün Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanı kimi öz funksiyalarını tam yerinə yetirmək üçün bir sıra yerli və beynəlxalq dövlət və qeyri-dövlət qurumları ilə əlaqələrini genişləndirir. Belə ki, bu qurumlar arasında vətəndaş cəmiyyətinin mühüm institutlarından biri olan Azərbaycan Vəkilliyinin də özünə məxsus yeri vardır".
A.Bağırov qeyd edib ki, qanunun aliliyinin təmin edilməsində, konstitusion hüquqların müdafiəsində, ədalətli və demokratik cəmiyyətin formalaşması və inkişafında fundamental dayaq rolunu oynadığı üçün Vəkillik Təsisatı ilə Konstitusiya Məhkəməsi arasında əlaqələr son dərəcə vacibdir: "Bu əlaqələr şəxslərin konstitusion hüquqlarının təmin edilməsində və ictimai marağın formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Vəkillik institutu hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin önəmli sosial-hüquqi institutu kimi insan hüquqlarının müdafiəsi, ədalətin və bərabərliyin təmin edilməsində vacib rol oynayır. Peşəkar hüquq müdafiəçiləri kimi vəkilər əsas diqqəti mübahisəli hüquqi məsələlərə cəlb etməklə, aparılan məhkəmə-hüquq islahatlarına təkan verirlər. Eyni zamanda vəkillər hüquqları pozulmuş şəxslər ilə Konstitusiya Məhkəməsi arasında hüquqi körpü funksiyasını yerinə yetirir, hüquq sistemində onların səsi və müdafiəçisi kimi fəaliyyət göstərirlər. Müstəqil peşə sahibləri kimi vəkillər konstitusiya icraatında bu və ya digər qaydada iştirak etməklə hüquqi boşluqların aradan qaldırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına xidmət edən Konstitusiya Məhkəməsinin qərarlarının qəbul edilməsinə köməklik edirlər. Bütövlükdə isə bu fəaliyyət həm qanunun aliliyini, həm də şəxslərin hüquqlarını qorumaqla inkişaf edən demokratik cəmiyyətə önəmli töhfə verir".