- 14 İyun 09:58
"Son illərin iqtisadi və hüquqi siyasətinə uyğun olaraq, həm ölkəmizin məhkəmə sistemi, həm də investisiya və arbitraj qanunvericiliyi təkmilləşdirilir. Cənab Prezidentin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədənkənar həlli ilə bağlı müvafiq göstərişləri, ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqi, mübahisələrin məhkəmədənkənar həllinin genişləndirilməsi ilə bağlı göstəriş və tövsiyələr qeyd olunan təkmilləşdirmə işlərinə start verən sənəd olub".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Beynəlxalq kommersiya arbitrajında müştərilərin təmsil edilməsi” mövzusunda təlimin açılış mərasimində çıxış edərkən deyib.
"Təkcə 2022-ci ildə qəbul edilmiş “İnvestisiya fəaliyyəti haqqında”, “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunlar buna bariz nümunədir. Bilavasitə arbitraja dair qanunvericiliyin yenilənməsi istiqamətində də xeyli əməli işlər görülməkdədir və tezliklə arbitraj haqqında yeni qanunun da qəbul ediləcəyinə ümid edirəm. İnkişaf etmiş abritraj sistemi mövcud olan ölkələrdə arbitraj nəinki investorların maraqlarının qorunmasına xidmət edir, həmçinin məhkəmələrinin iş yükünü və xərclərini də azaldır. Mübahisələrin alternativ həlli sisteminin yaradılması üçün lazım olan digər çərçivə isə institusional çərçivənin yaradılmasıdır. İnstitusional addımlar sırasına həm ölkəmizdə səmərəli daimi arbitraj institutunun yaradılması, həm də arbitraj sahəsində ixtisaslaşan hüquqşünasların, o cümlədən vəkillərin, habelə abritrların sayının və kvalifikasiyasının artırılması kimi vacib məsələlər daxildir", - deyə o bildirib.
Sədr Prezidentin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə son illər ərzində vəkillərin peşə hazırlığı bağlı görülən tədbirlərə diqqət çəkib.
Onun sözlərinə görə, vəkillər üçün arbitraj və mübahisələrin digər alternativ həlli üsulları sahəsində müxtəlif təlim və seminarlar təşkil olunub.
"Vəkillərin peşəyə buraxılış üzrə ilkin icbari təlim və vəkillərin davamlı tədrisi mərhələsində arbitraj, mübahisələrin məhkəmədənkənar alternativ həlli ilə bağlı mövzular tədris olunmağa başlanıb, arbitrların hazırlanması prosesinə də start verilib. Belə ki, Vəkillər Kollegiyasının bir sıra üzvləri Avropa İttifaqı və Ədliyyə Nazirliyinin birlikdə həyata keçirdiyi "Mübahisələrin Alternativ Həlli və İxtisaslaşdırılmış məhkəmələrin inkişafına əlavə dəstək" Layihəsi çərçivəsində keçirilmiş arbitrların ilkin təlimini uğurla bitiriblər. Bu sahədə işlərin daha sistemli şəkildə davam etdiriləcəyinə də ümid edirəm", - sədr bildiirb.
A.Bağırov qeyd edib ki, Vəkillər Kollegiyası və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə vəkillər Toğrul Quluzadə və Şahlar Məmmədov tərəfindən “1958-ci il Nyu-York Konvensiyasının şərhinə dair Beynəlxalq Kommersiya Arbitraj Şurasının təlimatı” Azərbaycan dilinə tərcümə edilib: "Arbitrajla bağlı Azərbaycan dilində keyfiyyətli hüquqi ədəbiyyatın sayının daha da çoxalacağına, bu sahədə də sistemli layihələrin həyata keçiriləcəyinə ümid edirəm".
Sədr 2022-ci ildə Kollegiyanın nəzdində biznes hüququ sahəsində ixtisaslaşan, təcrübəli vəkilləri bir arada birləşdirən Biznes Hüququ Komitəsinin yaradıldığını xatırladıb: "Komitənin tərkibində, xüsusilə də mübahisələrinin həlli işçi qrupunda ölkənin biznes mübahisələrinin həlli, o cümlədən arbitraj sahəsində ixtisaslaşmış vəkillər yer almaqdadır. Gələcəkdə Vəkillər Kollegiyası, o cümlədən Biznes Hüququ Komitəsi vasitəsilə vəkillərin və ümumiyyətlə hüquqşünasların həm arbitr, həm də arbitraj vəkili bacarıqlarının artırılması istuqamətində əməli tədbirlər həyata keçirməyi planlaşdırır. Yeri gəlmişkən, Biznes Hüququ Komitəsi tərəfindən müxtəlif qanun layihələrinə dair rəylər, habelə biznesə, investisiya mühitinə aid məhkəmə işləri üzrə "amicus curae" və mütəxəssis rəyləri verilməkdədir. Bu sırada “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinə rəy verilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən daxil olmuş müraciətə cavab olaraq Komitənin tərtib etdiyi rəyi xüsusilə vurğulamaq istərdim".
"Bu təlim CLDP ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyimiz ilk təşkil tədbirdir. Məhz ilk tədbirin belə bir əhəmiyyətli mövzuya həsr olunması, eyni zamanda təlimdə iştirak edən şəxslərin böyük bir qisminin vəkil olması çox sevindirici haldır. Bir daha tədbirin həmtəşkilatçıları olan CLDP, Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsi və AMCHAM-a təşəkkür edir və tədbirin işinə uğurlar arzulayıram", - A.Bağırov bildirib.
Şəbnəm Mehdizadə