- 14 İyun 09:58
"Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının fəaliyyəti, uğurları, problemlərinin həlli məsələsi diqqət mərkəzindədir".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr Anar Bağırov Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının seçki-hesabat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Naxçıvanda bu sahədə dönüş yaratmaq, islahatlar aparmaq qarşıda duran ən vacib vəzifələrdəndir.
"Qısa zaman ərzində bu məsələlərlə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən müvafiq qərarlar qəbul edilib, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının maddi vəziyyətinin yaxşılaşdırılması üzrə müvafiq tədbirlər görülüb. Nəticədə bu gün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası öz üzərinə düşən vəzifələri yerinə yetirir. Naxçıvan vəkilliyi uğurla Azərbaycan vəkilliyinə tam inteqrasiya olunur ki, bu da çox önəmlidir. Prinsipial olaraq qərar qəbul edildi ki, naxçıvanlı vəkillərimiz, ümumilikdə, respublika üzrə fəaliyyət göstərsinlər. Naxçıvanda vəkillərin sayı çox azdır. Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının hesabatına əsasən bu gün Azərbaycanda 4500 nəfərə bir vəkil düşürsə, Naxçıvanda təxminən 20 min nəfərə bir vəkil düşür. Bu problemi aradan qaldırmaq məqsədilə tərəfimizdən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası ilə birgə vəkilliyə qəbulla bağlı elan verildi, qərar qəbul olundu. Vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlılığı tam təmin olunmalıdır", - deyə sədr bildirib.