"Beynəlxalq kommersiya arbitrajında müştərilərin təmsil edilməsi" mövzusunda təlim keçirilib


  • 18 İyul 2023 16:42

12-14 iyul 2023-cü tarixlərində “Fairmont Baku” mehmanxanasında ABŞ-nın Kommersiya Departamentinin “Kommersiya hüququnun inkişafı proqramı” ilə (CLDP) Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əməkdaşlığı çərçivəsində Vəkillər Kollegiyasının və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri üçün beynəlxalq arbitraj hüququna dair 3-günlük praktiki təlim keçirilib.

E-huquq.az xəbər verir ki,tədbirdə açılış nitqi ilə çıxış edən AR Vəkillər Kollegiyasının sədri Anar Bağırov hər kəsi salamlayaraq arbitrajın ölkənin kommersiya sahəsi üçün əhəmiyyətini qeyd edib, Kollegiya tərəfindən son dövrlərdə bu sahədə aparılan işlər, təşkil olunan tədbirlər, həmçinin Kollegiyanın Biznes Hüququ Komitəsinin fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. O, "Beynəlxalq kommersiya arbitrajında müştərilərin təmsil edilməsi" mövzusunda keçirilən təlimin VK ilə CLDP-nin əməkdaşlıq çərçivəsində təşkil etdiyimiz ilk təşkil tədbir olduğunu vurğulayıb. A.Bağırov CLDP ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edərək bildirib ki, məhz ilk tədbirin belə bir əhəmiyyətli mövzuya həsr olunması, eyni zamanda təlimdə iştirak edən şəxslərin böyük bir qisminin vəkil olması çox sevindirici haldır. O, həmçinin CLDP-yə tədbirin təşkilində göstərdikləri dəstəyə görə təşəkkür edib.

Sonra çıxış edən Amerika səfirliyinin əməkdaşı, missiya rəhbərinin müavini vəzifəsini icra edən Endryu Berdi tədbir iştirakçılarına uğurlar arzulayıb. O, özəl sektorda mübahisələrin alternativ həll yollarının əhəmiyyətini qeyd etmiş və bu sahədə arbitrajın mühüm rola malik olduğunu bildirib.

Tədbirdə daha sonra çıxış edən CLDP-nin baş məsləhətçisi Stiv Qardner Vəkillər Kollegiyası və Kollegiyanın Biznes Hüququ Komitəsinə təşəkkür edib. O, arbitrajın biznes mühitinə müsbət təsirini vurğulamış, arbitrajla tərəflərin vaxta qənaət etdiyini bildirib. S.Qardner eyni zamanda təlimçilər Patrisiya Şonessi və Ruslan Mirzəyev barədə məlumat verib. Sonda tədbirin işinə uğurlar arzulayıb.

Qeyd edək ki, 12-14 iyul tarixlərində keçirilən təlimdə iştirakçılara biznes mühitində mübahisələrin alternativ həlli yolları, arbitraj prosesinin bütün mərhələləri, arbitraj qərarlarının tanınması və icrası ilə bağlı nəzəri və praktiki bilgilər tədris olunmuşdur. 3 günlük tədbirdə 45-dən çox vəkil iştirak edib.

Tədbirin sonunda təlimi uğurla bitirimiş iştirakçılara sertifikatlar təqdim edilib.

Oxşar xəbərlər