- 14 İyun 09:58
"Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 9 iyun tarixli Qanunun tətbiqini təmin etmək məqsədilə imzaladığı Fərman Azərbaycan vəkilliyinin inkişafına mühüm təkan olacaq".
Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Mülki Prosessual Məcəlləyə bu ilin iyun ayında edilən dəyişiklik dövlət hesabına peşəkar hüquqi yardımın əhatə dairəsinin genişləndirilməsini ehtiva edir və artıq işsiz kimi qeydiyyatda olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, maddi vəziyyəti və orta aylıq gəliri yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olan şəxslər, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar və məcəlləinin 67-1-ci maddəsində əhatə olunan digər şəxslərin də dövlət hesabına peşəkar hüquqi yardım ala bilməsinə imkan yaradır.
"Əlbəttə, bu, kifayət qədər geniş dairədir və əhəmiyyətli potensial tələb edir. Cənab Prezidentin nümayiş etdirdiyi iradəyə əsaslanaraq Vəkillər Kollegiyasında son illər həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində əminliklə demək olar ki, vəkillik sahəsində kəmiyyət və keyfiyyət dəyişikliyi qarşıya qoyulan hədəfin realizəsi üçün yetərlidir.
Lakin vəkillik təsisatının nüfuzuna bilavasitə təsirini nəzərə alaraq dövlət hesabına hüquqi yardımın formallaşaraq "vəkillərin hesabına" yardıma transformasiyası, yaxud prosesin yalnız vəkillərin vicdani dəyərlərindən asılı vəziyyətə düşməsi yolverilməzidir. Bunun üçün dövlət hesabına hüquqi yardıma görə ayrılan vəsait ağlabatanlıq prinsipinə uyğun olmalı, formal xarakter daşımamalıdır. Möhtərəm Prezidentin də mövqeyi məhz bu yöndədir və qeyd edilən məqsədlərə nail olunması üçün məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək vermək məqsədilə çoxsaylı təbirlərdən biri kimi cari Fərmanla Nazirlər Kabinetinə tapşırıldı ki, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənilən haqqın məbləğinin dəyişdirilməsi zərurətini öyrənməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Bildiyiniz kimi, cənab Prezidentin daha öncə, 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı ilə müvafiq məbləğin artırılması ilə bağlı Nazirlər Kabinetinə göstəriş verilmiş və elə həmin ilin may ayında bu məbləğ 3 dəfə artırılaraq 6 manata çatdırılmışdı. Proseslərin davamı olaraq, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" cənab Prezidentin 3 aprel 2019-cu il tarixli Fərmanına əsasən, 2020-ci ildən etibarən dövlət hesabına hüquqi yardıma görə ayrılan vəsaitin vəkillərə artıq icra orqanları tərəfindən yox, birbaşa Vəkillər Kollegiyası tərəfindən ödənilməsinə başlandı ki, bu həm prosesləri çevikləşdirmiş, həm də vəkilləri icra strukturlarından texniki asılılıqdan qurtarmaqla vəkillik təsisatının müstəqilliyinə ciddi töhfə olmuşdu. Hazırda cari Fərmanla günün reallıqlarını nəzərə alaraq, qeyd edilən məbləğə bir daha baxılması isə cənab İlham Əliyevin ölkədə vəkilliyin inkişafına xüsusi diqqətinin, eyni zamanda vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, hüquq və azadlıqların etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatına böyük əhəmiyyət verməsinin daha bir təzahürüdür", - deyə deputat qeyd edib.
Şəbnəm Mehdizadə