Vəkil Bəhruz Orucov polis əməkdaşları ilə mübahisəsinə aydınlıq gətirdi


  • 13 Avqust 2023 21:23

Vəkillər Kollegiyasının üzvü Bəhruz Orucov Suraxanı Rayon Polis İdarəsində polis əməkdaşları ilə arasında yaranmış mübahisəyə aydınlıq gətirib.

E-huquq.az xəbər verir ki, B.Orucov məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etdiyini deyib.

"Baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində məni qəbul etdilər və problemi dinlədilər. Məni əmin etdilər ki, məsələ tam hərtərəfli araşdırılacaq və obyektiv qiymət veriləcək. Prokurorluğa da müraciət etmişəm. İnanıram ki, həqiqətən də obyektiv araşdırma aparılacaq və ədalətli qərar qəbul olunacaq. Polis əməkdaşlarının qanunazidd davranışları ilə bağlı lazımi tədbirlərin görüləcəyinə ümid edirəm", - deyə o bildirib.

"Həmçinin operativ reaksiyaya görə Vəkillər Kollegiyasına, Daxili İşlər Nazirliyinə, Bakı Şəhəri Baş Polis İdarəsinə, Suraxanı Rayon Prokurorluğuna təşəkkür edirəm. Xüsusən Vəkillər Kollegiyası bu məsələdə mənə çox dəstək oldu. Problemin operativ və obyektiv araşdırılmasına kömək edərək vəziyyətin daha da gərginləşməsinin qarşısını aldı", - vəkil əlavə edib.

B.Orucov polis əməkdaşları ilə mübahisə zamanı çəkdiyi videogörüntülərin sosial şəbəkə səhifələrindən silinməsini xahiş edib: "Həmin görüntüləri öz səhifəmdən silmişəm. Bir halda ki, mən bu görüntülərin yayılmasını istəmirəm, deməli, digər səhifələr də həmin videonu silməlidir. Və heç kim düşünməsin ki, mənə hər hansı təzyiq olub deyə bu sözləri deyirəm. Azərbaycanda vəkillərə qarşı təzyiq yoxdur. Biz öz fikirlərimizi azad şəkildə ifadə edirik. Sonda onu da bildirmək istərdim ki, hər hansı bir polis əməkdaşının davranışlarını bütün polislərə şamil etmək olmaz. Çünki ölkəmizdə sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunub saxlanılmasında polis əməkdaşlarının müstəsna rolu var".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər