"Saxlanılaraq Bakıya gətirilən separatçıların hüquqlarını müdafiə edən vəkillərin qınanılması yolverilməzdir"


  • 4 Oktyabr 2023 12:22

"Konstitusiyanın 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var və qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ ana qanunumuz olan Konstitusiyamızda təsbit olunub. Yəni vəkillə təminat məsələnin tutulan şəxsin kimliyinə və hansı kateqoriyadan cinayət törətməsinə aidiyyəti yoxdur".

Bunu e-huquq.az-a açıqlamasında vəkil Cavad Cavadov Qarabağda qondarma rejimə qarşı antiterror tədbirlərindən sonra tutularaq Bakıya gətirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillərə qarşı yönələn qınaqlardan danışarkən deyib.

O bildirib ki, müdafiə hüququ istənilən halda mütləq qaydada təmin olunmalıdır: "Eyni zamanda Cinayət Prosessual Məcəlləsinə əsasən, müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti, onun iştirakı ilə baxılan cinayət işinin xarakterilə eyniləşdirilə bilməz. Vəkilin kimisə müdafiə etməsinə görə qınanması, təqib olunması yolverilməzdir. Bu baxımdan erməni əsilli vətəndaşlarımızın hüquqları da digər vətəndaşlarımız kimi eyni səviyyədə müdafiə olunmalıdır".

C.Cavadov hesab edir ki, Qarabağın erməni əsilli sakinlərinə vətəndaşlıq və digər məsələlərlə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi yardım təşkil edilməlidir: "Bu, ümumi reinteqrasiya prosesinə müsbət təsir edəcək".

Qeyd edək ki, ötən gün Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər