Azərbaycanda növbəti pulsuz hüquqi yardım aksiyası keçiriləcək


  • 5 Oktyabr 2023 11:59

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) "Heydər Əliyev İli” ilə əlaqədar tədbirləri planı çərçivəsində ARVK və Azərbaycan Respublikası Mediasiya Şurası vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya xidmətləri göstərəcək.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Məlumata görə, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri ilə Sumqayıt 1 saylı Mediasiya təşkilatının mediatorları tərəfindən “Vəkillik və mediasiya xidmətinin praktiki məsələləri” mövzusunda dəyirmi masa keçirilməsi, o cümlədən vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya üzrə məsləhətlərin verilməsi nəzərdə tutulur.

Tədbir 10 oktyabr 2023-cü il tarixdə, saat 10:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutacaq.

Eyni zamanda oktyabrın 12-də Bakı şəhər 12 saylı Vəkil Bürosu tərəfindən Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının inzibati binasında və Gəncə şəhər 1 saylı Vəkil Bürosu tərəfindən isə Gəncədə (Gəncə şəhəri, Cavadxan küçəsi, 53) ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək.

Qeyd edək ki, 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.

Əlaqələndirici şəxs: Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (əlaqə nömrəsi: 012 594 99 85, 050 340 09 81).

Oxşar xəbərlər