Vəkilliyə namizədlər üçün test imtahanı keçirilir - FOTO


  • 5 Noyabr 2023 10:04

Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir.

E-huquq.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunmuş imtahanda 294 nəfər vəkilliyə namizəd iştirak edir.

İmtahan saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada DİM-in kompüter mərkəzində elektronlaşdırılmış qaydada həyata keçirilir.

İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunub. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Kollegiyanın rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcək.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakı təmin edilib.

İmtahanın təşkili və namizədlərin tərkibinə dair statistik məlumatlara gəldikdə isə qeyd olunmalıdır ki, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 56,1 faiz, respublikanın digər regionları üzrə isə 43,9 faizdir. Say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək.

Namizədlərin 12,3 faizi xarici, 87,7 faizi yerli ali təhsil müəssisələrində təhsil alıblar ki, bu siyahıda ilk yeri 45,2 faiz ilə Bakı Dövlət Universiteti tutur.

Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 66 faizini təşkil edir. Qadın namizədlər 27 faiz, kişi namizədlər isə 73 faizdir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının imtahanda iştirak edən namizədləri 7 faiz təşkil edir.

Oxşar xəbərlər