- 14 İyun 09:58
Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin 20 manatadək artırılması təklif olunur.
E-huquq.az xəbər verir ki, bu barədə deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində bildirib.
O deyib ki, hazırda dövlət hesabına işlərdə vəkilə hər iş saatı üçün 6 manat olmaqla, bir iş üzrə orta hesabla 115 manat civarında ödəniş olunur ki, həmin məbləğin də 30 faiz civarı vergi, sığorta və digər xərclərə məruz qalır.
“Çox təşəkkür edirik ki, cənab Prezidenti məsələyə müdaxilə edərək bu il 26 iyul Fərmanı ilə Nazirlər Kabinetinə dövlət hesabına hüquqi yardıma görə məbləğin dəyişdirilməsi zərurətinin öyrənilməsini tapşırıb. Vəkillər Kollegiyası da təhlil apararaq vəkilə ödənilən haqqın 20 manat məbləğində müəyyən edilməsini təklif edib. Təklif Ədliyyə Nazirliyi tərəfindən də məqbul sayılıb. Eyni zamanda Hüquq siyasəti və dövlət quruculuğu komitəsində də işçi qaydada məsələ araşdırılıb. Müqayisə üçün nəzərinizə çatdırım ki, Türkiyədə işlərin xüsusiyyəti və işə baxılma mərhələlərinə uyğun olaraq bu məbləğ 90, Rusiyada isə 30 manatdan başlanır və artaraq dəyişir. Əlbəttə lokal reallıqları nəzərə almaq vacibdir və bu mənada təklif olunan 20 manat rəqəminin məqbul olması şübhə doğurmur. Bu mənada, hörmətli Baş nazir, Sizdən komitəmiz adından məsələnin həlli üçün köməyinizi xahiş edirik”, - deyə deputat qeyd edib.