- 8 May 20:50
"Azərbaycan Respublikasının Vəkillər Kollegiyası insan hüquq və azadlıqlarının, o cümlədən peşəkar hüquqi yardıma çatımlılığın təmin edilməsi sahəsində bütün beynəlxalq və milli təsisatlarla sıx əməkdaşlıq edir"
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, beynəlxalq qurumlar arasında Birləşmiş Millətlər Təşkilatının müxtəlif təsisatlarını, o cümlədən onun insan hüquqları sahəsində mühüm orqanı olan BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı xüsusi yer tutur.
"Hesab edirəm ki, insan hüquqlarının inkişafı və ona yeni baxış vəkillik institutunun da inkişafını tələb edir. Belə ki, vəkillik institutunun inkişafı Bəyannamədə və digər beynəlxalq sənədlərdə əks olunan nəzəri müddəaların praktikada geniş inkişaf etdirilməsinə və yeni normalarla beynəlxalq sənədlərin zənginləşməsinə gətirib çıxaracaqdır. Bu isə yenə də son nəticədə insan hüquqlarına xidmət edir", - deyə A.Bağırov qeyd edib.