Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədri, Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədovun e-huquq.az-a müsahibəsi
– Şahmar müəllim, 2019-cu ili Azərbaycan vəkilliyinin inkişafı baxımından necə dəyərləndirirsiniz?
– 2019-cu il vəkillər üçün uğurlu illərdən biri oldu. Bildiyiniz kimi, vəkillik fəaliyyəti ilə bağlı bir çox tədbirlər həyata keçirildi. Bura həm yerli, həm beynəxalq tədbirlər daxildir. Azərbaycanda bu il vəkilliyin yaradılmasının 100 illiyi qeyd olundu. Beynəlxalq tədbir keçirildi. 20-dən artıq ölkənin Vəkillər Kollegiyasının rəhbərləri bu tədbirlərdə təmsil olundu. Vəkillər Kollegiyası Rəyasət Heyətinin rəhbərliyi və kollegiyanın üzvləri bir çox beynəlxalq tədbirlərdə iştirak etdi. Eyni zamanda bu il vəkillərin və vəkil bürolarının sayında da artım müşahidə olundu. Belə ki, 2 il bundan qabaq Azərbaycanda vəkil bürolarının sayı 39 idi, bu il isə 90-a çatdı. Vəkillərin sayı1700-ü ötdü və bu da 2017-ci illə müqayisədə 2 dəfə artım deməkdir".
Həmçinin, vəkillər üçün çox önəmli olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanında Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı normalar əskini tapıb. Qeyd etdiyim kimi, Fərmanda dövlət hesabına hüquqi yardıma dair vəsaitin Kollegiyaya ayrılması, bundan başqa vəkillərin məhkəmələrlə cinayət prosesual həyata keçirən digər orqanların əməkdaşları ilə qeyri-prosesual əlaqələrə girməsinin qarşısının alınmasının kollegiyaya tövsiyə olunması, bir çox prosesual qanunvericilik işlərinin hazırlanmasında Vəkillər Kollegiyasının yaxından iştirakının nəzərdə tutulması biz vəkillər üçün çox önəmli idi. Bundan əlavə, bir neçə gün öncə bu Hüquqi Yardım və Tədris Mərkəzi açıldı, eyni zamanda ilin sonuna yaxın bayram əhval-ruhiyyəsində olduğumuz zaman möhtərəm Prezident tərəfindən “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında Sərəncamın imzalandı, həmin Sərəncamla 28 dekabr “Vəkil günü” kimi – vəkillərin peşə bayramı kimi elan olundu. Bu, bizim çoxdan gözlədiyimiz, həsrətində olduğumuz bir gün idi. Əksər peşə sahiblərinin peşə bayramı olduğu halda, vəkillərin belə bir peşə bayramı yox idi. Biz buna görə möhtərəm Prezidentimizə bir daha minnətdarlığımızı bildiririk. Bu, bizim bayramımıza daha bir bayram qatdı. 2019-cu il bizdə yubileylər ilidir. Vəkilliyin yaradılmasının 100 illiyi, Vəkillər Kollegiyasının təsis olunmasının15 illiyi və 1999-cu ildə ulu öndər Heydər Əliyevin tərəfindən 28 dekabr tarixində verdiyi Fərmanla Azərbaycanda vəkilliyin müstəqilliyinin əldə edilməsi. Doğurdan da həmin Fərmanla Azərbaycanda Vəkillər Kollegiyası tam müstəqil olaraq bir qurum kimi fəaliyyət göstərir ki, biz digər ölkələrə, MDB ölkələrinə baxanda, hətta bir neçə Avropa ölkəsinin təcrübəsinə baxanda görürük ki, onlarda Vəkillər Kollegiyası tam müstəqil bir qurum kimi fəaliyyət göstərmir. Onların digər orqanlardan bir asılığı var. Onların fəaliyyətinə müdaxilə üçün şərait var. Bizdə isə bu müstəqillik var.
– Bildiyimiz kimi, Vəkillər Kollegiyasının tapşırığına əsasən, vəkil büroları mütəmadi olaraq Bakıda və bölgələrdə vətəndaşlara ödənişsiz hüquqi yardım göstərir. Bu halda Hüquqi Yardım və Tədris Mərkəzinin yaradılması hansı zərurətdən irəli gəldi?
– Bildiyiniz kimi, möhtərəm Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamında vəkillik fəaliyyətinin bir çox sahələrinə toxunulmuşdur. Həmin sərəncamda Vəkillər Kollegiyasına bir çox tövsiyələr edilmişdir. O tövsiyələrdən biri də aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın təşkil edilməsi, eyni zamanda keyfiyyətli hüquqi yardımın həyata keçirilməsi məqsədilə vəkillərin peşəkarlığının artırılmasıdır. Məhz həmin sərəncamdan irəli gələrək Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən bir çox tədbirlər həyata keçirilib, Bakıda və Azərbaycanın regionlarında minlərlə insana pulsuz hüquqi yardımın həyata keçirilməsi təmin olunub. Bu ödənişsiz hüquqi yardım ahıllar evində və digər sosial obyektlərdə həyata keçirilib. Bu müddət ərzində Vəkillər Kollegiyası Rəyasət Heyətinin əvvəllər yerləşdiyi inzibati binada dövlətin dəstəyi və qayğısı ilə əsaslı təmir işləri aparılıb. Müasir standartlara cavab verən və vətəndaşlara hüquqi yardım göstərilməsi üçün çox gözəl şərait yaradılan bina təqdim olunub. İndi nəinki vəkillər, həm də vətəndaşlar bu məzkəzin fəaliyyətindən kifayət qədər yararlanacaqlar. Bu mərkəzin fəaliyyətinin bir neçə istiqaməti var. Bu istiqamətlərdən biri dövlət hesabına həyata keçirilən hüquqi yardımın mərkəzi qaydada idarə olunmasıdır. Bildiyiniz kimi, indiyədək dövlət hesabına edilən hüquqi yardımla bağlı müəyyən problemlər var idi. Bu da bəzən vətəndaşların haqlı narazılığına səbəb olurdu. Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırovun da dediyi kimi, hesab edirik ki, bu mərkəzin fəaliyyəti nəticəsində qısa müddət ərzində dövlət hesabına göstərilən hüquqi yardımın keyfiyyəti artırılacaq. Həmin sahədə göstərilən hüquqi yardımda formallıq aradan qaldırılacaq. Vətəndaşlar bu qısa müddət ərzində həmin sahədə göstərilən hüquqi yardımın müsbət istiqamətini və keyfiyyət dəyişikliyini hiss edəcəklər. Bundan başqa, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanında dövlət hesabına göstərilən hüquqi yardıma dair vəsaitin Vəkillər Kollegiyasına ayrılması nəzərdə tutulub. Bununla əlaqədar olaraq, 2020-ci il üçün təsdiq olunmuş dövlət büdcəsində həmin vəsait Vəkillər Kollegiyasının hesabına ayrılıb. Bu mərkəzdə həmin dövlət hesabına ödənilən hüquqi yardımla bağlı olan uçotu, təhlili aparılacaq. Son nəticədə Rəyasət Heyəti tərəfindən həmin artıq məbləğlər birbaşa ünvanlara, vəkil qurumlarına və yaxud fərdi qaydada fəaliyyət göstərən vəkillərin hesabına ödəniləcək. Əvvələr bu sahədə də müəyyən narazılıqlar var idi. Vəkillər uzun müddət dövlət hesabına hüquqi yardım göstərilməsinə baxmayaraq, həmin vəsaiti almaqda çətinliklər çəkirdi. Bu da müəyyən neqativ halların yaranmasına səbəb olurdu. Bundan başqa, digər istiqamətlərdən biri də qeyd olunduğu kimi, aztəminatlı şəxslərə göstərilən hüquqi yardımdır. Vəkillə müqavilə bağlamağa maddi imkanı olmayan, maliyyə çətinliyi olan vətəndaşlar bu mərkəzə müraciət edərək hüquqi yardım ala bilərlər. Bu məqamda fürsətdən istifadə edib vətəndaşlara müraciət etmək istəyirəm. Onların nəzərinə çatdırıram ki, bizim mərkəz Bakı şəhəri, S.Vurğun küçəsi 32 ünvanında yerləşir. (+99412) 594 99 85 əlaqə nömrəsi vasitəsilə qeydiyyatdan keçib və ya birbaşa bura gələrək müraciət edə bilərlər. Çünki burada tam şərait yaradılıb.
Mərkəzin fəaliyyətinin başqa bir istiqaməti isə vəkillərin tədrisi ilə bağlıdır. Vəkillik elə bir peşədir ki, yaradıcılıq, daim öz üzərində işləməyi tələb edir. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu və "Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə də vəkilin peşəkarlığının artırılması ilə bağlı öz üzərində çalışmasını tələb edir. Məhz bununla bağlı vəkillərin burada davamlı olaraq tədrisinin keçirilməsi nəzərdə tutulub. Bu tədrisə kifayət qədər peşəkar, təcrübəli təlimçilərin cəlb olunması nəzərdə tutulub. Eyni zamanda burada vəkillərdən başqa, gənc hüquqşünasların, xüsusilə də gələcəkdə vəkil kimi fəaliyyət göstərmək həvəsində olan hüquqşünasların nəzəri və təcrübi biliyinin artırılması ilə bağlı təlimlərin həyata keçirilməsi də nəzərdə tutulub. Qeyd edim ki, mərkəzdə müasir standartlara cavab verən əsaslı təmir işləri aparılıb. Burada mərkəzi istilik sistemi, mərkəzi soyutma sistemi, havalandırma sistemi, bundan əlavə videokonfrans sistemi quraşdırılıb. Artıq yaxın günlərdə avadanlıqlar da tam quraşdırılıb yekunlaşdırılacaq. Bu videokonfrans sistemi vasitəsilə nəinki Bakıda, Azərbaycanın digər regionlarında da vəkillərə bu təlimlər keçiriləcəkdir.
– Beynəlxalq ekspertlər, mütəxəssislər də təlimçi qismində mərkəzin fəaliyyətinə cəlb olunacaqmı?
– Bu mərkəzdə əsasən kollegiyanın üzvü olan, təcrübəli, təlim keçmək sahəsində təcrübəyə malik vəkillərin, eləcə də hakimlərin, prokurorluq və digər hüquq-mühafizə orqanlarının əməkdaşlarının təlimçi kimi iştirakı nəzərdə tutulub. Hesab edirəm ki, digər peşə sahibi olan hüquqşünasların da öz fikirlərini bölüşməsi vəkillərin təcrübələrinin artmasına kömək etmiş olar. Əlbəttə, Vəkillər Kollegiyası Rəyasət Heyəti beynəlxalq əlaqələrə böyük əhəmiyyət verir. Ona görə də gələcəkdə beynəlxalq ekspertlərin, mütəxəssislərin bu mərkəzin fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulub. Fikrimcə, bu da vəkillərin fəaliyyətinə xüsusi töhvə verəcək.
– Mərkəzdə nə qədər hüquqşünas və yaxud vəkil fəaliyyət göstərəcək?
– Mərkəzimiz yenidir. Bildiyiniz kimi, bir neçə gün bundan öncə açılışı olub. Burda artıq tədris işləri üzrə, hüquqi yardımla bağlı koordinatorlar fəaliyyət göstərirlər. Artıq növbəti ildən mərkəzin fəaliyyətinin genişləndirilməsi, bura bir çox vəkillərin yaxından cəlb edilməsi nəzərdə tutulub. Eyni zamanda biz planlaşdırıq ki, yalnız mərkəzdə fəaliyyət göstərən vəkillər deyil, digər bürolarda fəaliyyət göstərən vəkillər də ödənişsiz hüquqi yardımda yaxından iştirak etsinlər.
– Mərkəzin fəaliyyətinin genişləndirilməsi və regionları da əhatə etməsi nəzərdə tutulubmu?
– Vəkillər Kollegiyası Rəyasət Heyəti mütəmadi olaraq reionlarda pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı bir çox tədbirlər həyata keçirir. Kollegiyanın yerlərdə olan qurumları da vaxtaşırı həmin hüquqi yardımı həyata keçirirlər. Ümumiyyətlə, Rəyasət Heyəti tərəfindən gələcək planlardan biri ondan ibarətdir ki, bu mərkəzin də yerlərdə nümayəndəliyi fəaliyyət göstərsin. Beləliklə, orada da vətəndaşlara ödənişsiz hüquqi yardımın həyata keçirilməsi təmin olunsun. Əlbəttə, gələcəkdə reionlarda da bu mərkəzin fəaliyyəti hiss olunacaq.
