"Vəkillər Kollegiyası beynəlxalq müstəvidə rəqabətqabiliyyətli instituta çevrilib"


  • 28 Dekabr 2023 16:29

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, xüsusən Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti xüsusi diqqətə alınıb, bu təsisatın inkişafı istiqamətində çoxsaylı normativ addımlar atılıb. Təsadüfi deyil ki, məhz Ulu Öndər Heydər Əliyevin imzası ilə 1999-cu il 28 dekabr tarixində qüvvəyə minmiş "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun milli vəkilliyin inkişaf tarixinin başlanğıcı hesab olunur".

E-huquq.az xəbər verir ki, bu sözləri deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov 28 dekabr - "Vəkil günü" münasibətilə təbrikində deyib.

O bildirib ki, Ulu Öndərin vəkilliyə mütərəqqi münasibəti bu gün Prezident İlham Əliyev tərəfindən də davam etdirilməkdə, vəkillik fəaliyyətinin əsas prinsipləri, vəkillərin hüquqi statusu və onların özünüidarəsinin əsaslarına ən yüksək səviyyədə təminat verilməkdədir. Xüsusən, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə vəkillik təsisatının fəaliyyətində yeni dövr başlanıb, vəkillərin sosial rifahının gücləndirilməsi istiqamətində ciddi addımlara start verilib.

"Sevindirici haldır ki, cənab İlham Əliyevin xoş niyyət və praqmatik məzmunlu direktivlərini rəhbər tutmaqla son illər Azərbaycan Respublikasının Vəkillər Kollegiyası münbit mühitdə qlobal trendlərə çevik, adekvat reaksiya verməyi bacaran beynəlxalq müstəvidə rəqabətqabiliyyətli instituta çevrilib. Heç şübhəsiz ki, bu prosesdə hər bir vəkilimizin özünəməxsus rolu, töhfəsi var. 28 dekabr - "Vəkil günü" münasibətilə Azərbaycan vəkillərini təbrik edirəm. Keçmiş vəkil kimi uğurlarınızı diqqətlə və məmnunluqla izləməyin qürurunu ifadə edərək, daha güclü Azərbaycan naminə, dövlətimizin ali məqsədləri uğrunda yorulmaz fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram", - deyə deputat qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər