"Prezident İlham Əliyev Azərbaycanda güclü və nüfuzlu vəkillik institutunun formalaşmasında qətiyyətlidir" - Deputat


  • 28 Dekabr 2023 23:46

"Möhtərəm Prezidentin bir qrup vəkilin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncamı dövlətin bu sahəyə diqqətinin bariz nümunəsi və hüquq müdafiə fəaliyyətinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada peşəkarcasına həyata keçirilməsində dövlətin aşkar marağının ifadəsidir".

Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Azərbaycan hakimiyyətinin güclü, müstəqil vəkillik yönümündə siyasi iradəsi çox aydındır.

"Məlumdur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci maddəsinin IV hissəsi ilə Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün isə dövlət başçısının "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə güclü və nüfuzlu vəkillik təsisatının formalaşması zərurət kimi müəyyən edilir. Bu mövqe əslində vəkillik fəaliyyəti üçün ən böyük siyasi təminatdır. Hüquqi aspektə gəlincə, vəkilliyin müstəqilliyinin hüquqi cəhətdən təminatı kimi vəkilliyə qəbul da, xitam da qanunla tənzimlənir. Dövlət heç bir vəkilin Kollegiyadan xaric edilməsində maraqlı deyil, lakin kimsə qanunvericiliyin tələbini pozaraq xaric edilmə üçün səbəb yaradıbsa, məsuliyyətini özü daşıyır və hansısa kənar ünsürün məsələyə müdaxiləsi beynəlxalq hüququn dövlətlərin daxili işinə qarışmağın yolverilməzliyi prinsipinin pozuntusu deməkdir", - deyə deputat qeyd edib.

Vəkillərin sosial rifahı istiqamətində dövlətin mövqeyinə gəlincə, B.Məhərrəmov deyib ki, elə yuxarıda adıçəkilən 22 fevral Sərəncamı ilə nəinki paytaxtda, bütövlükdə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması ciddi vəzifə kimi qoyulub, Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli məqsədilə Nazirlər Kabinetinə müvafiq vəsait ayırması, habelə dövlət hesabına hüquqi yardım məbləğinə bir daha baxılması tapşırığına uyğun olaraq bu məbləğ 3 dəfə artırılaraq 6 manata çatdırılıb.

"Daha sonrakı dövrdə, Azərbaycan Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanı ilə 2020-ci ildən etibarən dövlət hesabına hüquqi yardıma görə ayrılan vəsaitin vəkillərə artıq icra orqanları tərəfindən yox, birbaşa Vəkillər Kollegiyası tərəfindən ödənilməsinə başlandı ki, bu da Kollegiyanın hüquqi təsisat kimi nüfuzuna əsaslı şəkildə müsbət təsir etdi. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 9 iyun tarixli Qanunun tətbiqini təmin etmək məqsədilə imzaladığı Fərmanla isə dövlət başçısı dövlət hesabına peşəkar hüquqi yardımın əhatə dairəsini köklü formada genişləndirərək hüquqi müdafiəni cəmiyyətin daha əlçatan dəyərinə çevirdi. Bildiyiniz kimi, elə həmin aktla Nazirlər Kabinetinə tapşırılmışdı ki, dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın məbləğinin dəyişdirilməsi zərurəti öyrənilsin. Bildiyiniz kimi, Vəkillər Kollegiyası özü təhlil apararaq vəkilə ödənilən haqqın 20 manat məbləğində müəyyən edilməsini təklif etmiş, məsələ Ədliyyə Nazirliyi tərəfindən də məqbul sayılmışdı. Bu ilin payızında məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində də işçi qaydada müzakirə olunaraq dövlət hesabına hüquqi yardıma görə vəkilə ödənilən məbləğin 6 manatdan 20 manata çatdırılması məqsədəmüvafiq hesab edilmiş və məsələ tərəfimizdən Parlamentin plenar iclasında büdcə müzakirələrində də Hökumət qarşısında qaldırılmışdı. İnanırıq ki, ən yaxın günlərdə Nazirlər Kabineti də prosesi yekunlaşdıraraq dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın məbləğinin dəyişdirilməsi ilə bağlı müvafiq qərarı qəbul edəcək. Məsələnin vəkillik fəaliyyətinin mənafeləri lehinə həlli şübhə doğurmur, çünki cənab İlham Əliyevin də iradəsi məhz bu yöndədir və dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın məbləğinin dəyişdirilməsi zərurətinin öyrənilməsi barədə Hökumətə verilən tapşırıq da məbləğin artımına lüzumun olub-olmadığını araşdırmaq yox, nə qədər artımın məqsədəuyğun olmasını öyrənməkdir", - deputat bildirib.

"Bütün qeyd edilənlər və o cümlədən bugünkü təltifdə ehtiva olunan yüksək diqqət də bir daha sübut edir ki, cənab İlham Əliyev Azərbaycanda güclü, nüfuzlu və müstəqil vəkillik institutunun formalaşmasında qətiyyətlidir və bu istiqamətdə bütün lazımi addımlar atılacaq", - B.Məhərrəmov əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər