Vəkillər Kollegiyasının sədri: "Gənclər arasında vəkilliyin təşviqi bizim üçün ən vacib məsələlərdəndir"


  • 28 Fevral 12:58

"Uzun illər ərzində ölkəmizdə vəkillərin sayı çox az olub. Əsasən yaşlı nəsil hüquşünaslar vəkilliyə üz tutublar. Lakin indi Azərbaycanda vəkillərin sayı artıb, vəkil korpusu xeyli gəncləşib".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kolegiyasının sədrli Anar Bağırov "Biz gələcəyin vəkilləriyik" adlı növbəti qış məktəbinin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gənclər arasında vəkilliyin təşviqi Kollegiya üçün ən vacib məsələlərdən biridir.

"Bu prioritet vəzifənin icrası üçün Azərbaycan Respublikasının Gənclər Fondu ilə əməkdaşlıq bizim üçün çox önəmlidir. Artıq növbəti dəfədir ki, vəkillər üçün qış məktəbi təşkil edilib və Gənclər Fondu bu işə tam dəstək verir. Dəstəyə görə, həmçinin "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinə xüsusi minnətdarlığımı bildirirəm. Zənnimcə, bu işlər nəticə etibarilə ölkədə insanların hüquqi yardıma əlçatanlığını təmin edir və eyni zamanda gənc hüquqşünasların hüquqi və təcrübi biliklərinin artırılmasına səbəb olur. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da tələbələrin, gənc hüquqşünasların tədrisi yalnız nəzəri biliklərlə kifayətlənmir. Nəzəri biliklər təcrübi biliklərlə kompleks şəkildə tədris olunmalı və vəhdət təşkil etməlidir. Bu baxımdan son dövrdə Vəkillər Kollegiyası gənclər üçün geniş imkanlar yaradır. Yüzlərlə gənclər Vəkillər Kollegiyasında və vəkil bürolarında təcrübə keçirlər. Bu gün start verilən qış məktəbində də xeyli sayda namizəd iştirak edir. Namizədlər bütün respublikanı, o cümlədən Naxçıvan Muxtar Respublikasını də əhatə edir. İndidən sonra da Vəkillər Kollegiyası olaraq bu işləri davam etdirmək niyyətindəyik. Ümid edirəm ki, gənc hüquqşünaslarımız vəkillik peşəsinin əsasları və hüquq sahəsinin müxtəlif məsələləri ilə bağlı təcrübələri öyrənəcək, maariflənəcəklər", - deyə A.Bağırov qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər