BDU-nun Hüquq fakültəsinin dekanı Anar Bağırova təşəkkür etdi


  • 14 Mart 10:57

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyev BDU-nun Hüquq fakültəsinin Avropa Hüquq Fakültələri Assosiasiyasına tamhüquqlu üzv seçilməsinə dəstəyə görə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına və onun sədri Anar Bağırova təşəkkür edib.

E-huquq.az xəbər verir ki, bu barədə Zaur Əliyevin özü “Facebook” sosial şəbəkəsində paylaşım edib.

“Fakültəmizin professor-müəllim heyətini, tələbələrimizi, magistrantlarımızı, doktorantlarımızı, əməkdaşlarımızı və bütün məzunlarımızı respublikamızda ilk dəfə olaraq Hüquq fakültəsinin hüquq təhsili sahəsində ən nüfuzlu təşkilatlardan olan Avropa Hüquq Fakültələri Assosiasiyasına tamhüquqlu üzv qəbul olunması münasibətilə ürəkdən təbrik edirəm! Bu işdə bizə dəstək olan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına və şəxsən fakültəmizin böyük dostu hörmətli Anar Bağırova təşəkkürümü bildirirəm! Fakültəmizin Avropanın ən nüfuzlu hüquq məktəbləri və fakültələri ilə (Leyden, Erasmus Rotterdam, Vyana, Strasburq, Vilnüs, Lissabon, Lozanna, Koç, Edinburq hüquq məktəbləri və fakültələri) bir sırada yer alması qürurvericidir, eyni zamanda, fakültəmizin beynəlxalq miqyasda nüfuzunun göstəricisi və təsdiqidir. Bu nüfuzlu təşkilata üzvlük hüquq elminin və təhsilinin inkişafı ilə bağlı sözümüzü beynəlxalq arenada deməyə, həmçinin qabaqcıl hüquq məktəbləri ilə sıx əməkdaşlıq etməyə imkan verəcək. Bu işdə zəhməti olan hər kəsə, o cümlədən tələbəmiz Sayad Ələkbərova təşəkkürümü bildirirəm! Məqsədimiz fakültəmizin və hüquq elminin inkişafıdır!”, - dekan paylaşımında qeyd edib.

Xatırladaq ki, BDU-nun Hüquq fakültəsi Avropa Hüquq Fakültələri Assosiasiyasının İdarə Heyəti tərəfindən qurumun tamhüquqlu üzv seçilib. Hüquq fakültəsi Azərbaycanda sözügedən Assosiasiyanın tamhüquqlu üzvü olan ilk fakültədir. Üzvlük çərçivəsində BDU-nun Hüquq fakültəsi Assosiasiyanın konfranslarında, görüşlərində, illik forumlarında təmsil olunacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər