Vəkillər Kollegiyasının FBE-yə üzvlüyü peşəkar inkişaf və əməkdaşlıq üçün yeni yollar açıb - FOTO


  • 14 Mart 16:21

Martın 13-də Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) Şərqi Avropa Komitəsi tərəfindən Azərbaycan, Türkiyə, Serbiya və Rumıniya respublikalarında Biznesin Aparılması (“Doing Business”) istiqamətində “Doing Eastern” mövzusuna həsr edilən beynəlxalq vebinar keçirilib.

E-huquq.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri, eyni zamanda FBE-nin Şərqi Avropa Komitəsinin üzvü Anar Bağırov ARVK-nın FBE-yə üzvlüyünün peşəkar inkişaf və əməkdaşlıq üçün yeni yollar açdığını, Kollegiyanın beynəlxalq əlaqələrinə mühüm töhfə verdiyini deyib.

Sədr ARVK-nın bu sahədə gördüyü işlərdən, xüsusilə Biznes Hüququ Komitəsinin təsis edilməsini, vəkillər üçün mütəmadi olaraq təlimlərin keçirilməsini, ölkədə biznes qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində Kollegiyanın rolunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Həmçinin, Anar Bağırov Azərbaycanın bu il dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini və sözügedən hadisənin ölkəmizin qlobal miqyasda artan nüfuzunun, müxtəlif dövlətlərin, habelə beynəlxalq təşkilatların respublikamıza olan marağının ifadəsi olduğunu vurğulayıb.

Daha sonra geniş təqdimatla çıxış edən Kollegiyanın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasova son illərdə ölkəmizdə biznes sahəsində reallaşan islahatları, sosial-iqtisadi sahədə qazanılan nailiyyətləri, yaradılan əlverişli biznes və investisiya mühitini, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasını, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olmasını, ölkənin investisiya yatırımı üçün biznes cəlbediciliyini və bu siyasətə uyğun olaraq daxili qanunvericiliyin daim təkmilləşdirildiyini nəzərə çatdırıb.

Eyni zamanda, vebinarda FBE-nin Şərqi Avropa Komitəsinin prezidenti Rajko Maric, Rumıniyanın Kluj-Napoka Vəkillər Kollegiyasının üzvü Calin Viorel İuga, Türkiyənin Ankara Barosunun üzvü Mengü Gökçe, habelə Avropa ölkələrinin vəkillər kollegiyalarının, o cümlədən hüquq cəmiyyətlərinin nümayəndələri iştirak edib və çıxış ediblər.

Qeyd edək ki, ötən ilin 15-17 iyun tarixlərində FBE-nin ümumi qurultayında ARVK həmin təşkilata tamhüquqlu üzv olaraq qəbul olub. Avropa Şurasına və Avropa İttifaqına üzv olan 20 ölkənin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini, habelə 1 milyondan çox vəkili özündə birləşdirən FBE təşkilatının 21-ci üzvü və Cənubi Qafqazdan ilk ölkə Azərbaycan respublikası olub.

Oxşar xəbərlər