Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib


  • 16 Mart 16:27

Cari ilin mart ayının 13-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

İclasda 19 müraciət əsasında (onlardan 4 müraciət eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 15 işə baxılb, 5 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 10 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub:

- 7 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması;

- 2 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması;

- 1 intizam işi üzrə icraata xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması.

Müvafiq rəy qəbul edilən işlərin 3-ü fiziki şəxslər, 3-ü hüquq-mühafizə orqanları, 2-si məhkəmələr, 2-si isə qeyri-dövlət təşkilatlarından daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən işlərin 2-si fiziki şəxslərin, 2-si hüquq-mühafizə orqanlarının, 2-si məhkəmələrin, 1-i isə Rəyasət Heyətinin müraciətləri üzrədir. Hüquq-mühafizə orqanlarından daxil olan 1 müraciət üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması barədə rəy verilib.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən intizam işlərindən:

- 3 intizam işində “vəkilin göstərdiyi hüquqi yardımla bağlı qeyri-prosessual münasibətlər zəminində müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması” (3 vəkillə bağlı 3 fakt);

- 2 intizam işində “vəkilin dövlət hesabına müdafiəçisi olduğu şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı öz peşə borcunu lazımınca yerinə yetirməyib formal vəkilliyə yol verməsi” (2 vəkillə bağlı 2 fakt);

- 1 intizam işində “vəkilin müraciət edən şəxslə müvafiq müqavilə bağlamadan ona mülki iş üzrə hüquqi yardım göstərməsi” (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işində “vəkilin fərdi qaydada fəaliyyət göstərdiyi dövrdə bağladığı müqavilələr üzrə müəyyən olunan hüquqi yardım haqlarının nağdsız qaydada ödənilməsi ilə bağlı tələblərə riayət olunmaması və müvafiq ödəniş sənədlərinin təqdim edilməməsi” (1 vəkillə bağlı 63 fakt) halları intizam pozuntusu kimi qiymətləndirilib.

Oxşar xəbərlər