Vətəndaşlara hüquqi yardım göstərən "Pro Bono" çat-botu istifadəyə veriləcək


  • 2 Aprel 12:47

"Bu gün rəqəmsallaşdırma və müasir texnologiyaların tətbiqi vətəndaşlarımızın ən mühüm konstitutsion hüquqlarından biri olan keyfiyyətli hüquqi yardım almaq hüququnu reallaşdıran vəkillik sahəsində də geniş tətbiq olunur. Cənab Prezidentin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Kollegiyaya müasir İKT texnologiyalarından daha geniş istifadə olunması tövsiyyə edilib. Bu tövsiyyənin icrası məqsədilə Kollegiyanın “Elektron vəkillik” Komitəsi və “Elektron vəkil platforması” təsis olunub".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.

O bildirib ki, yaradılmış Platforma çərçivəsində ilk olaraq bütün vəkil qurumlarının və vəkillərin onlayn reyestri yaradılmış və buradakı bütün informasiyaların yenilənməsi daim təmin edilməkdədir. "Hər bir vəkil üçün “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunmuş elektron vəkil kabineti istifadəyə verilib. Həmin kabinetlər vasitəsilə vəkillər “Davamlı tədris üzrə” elektron platformadan istifadə edərək distant qaydada kurslarda iştirak edə bilirlər. Eyni zamanda Kollegiya ilə vəkillər arasında sənəd dövriyyəsi kabinet vasitəsilə həyata keçirilir. Bulud texnologiyasına əsaslanan “Elektron vəkil dosyesi”nin yaradılması imkanı da təmin edilib. Həmçinin Vəkillər Kollegiyasının daxili fəaliyyəti tam şəkildə elektronlaşdırılıb".

Sədr deyib ki, növbəti istiqamət Ədliyyə Nazirliyi ilə birlikdə əməkdaşlıq çərçivəsində dövlət hesabına göstərilən hüquqi yardımla bağlı qərarların mərkəzləşdirilmiş və onlayn qaydada bölgüsünün həyata keçirilməsidir: "Belə ki, artıq məhkəmələr tərəfindən dövlət hesabına vəkillərin ayrılması ilə bağlı təyinat qərarları onlayn qaydada insan faktoru olmadan müvafiq vəkil büroları arasında bölüşdürülür. Hesab edirik ki, məhkəməyəqədər istintaq mərhələsində də ərazi üzrə vəkil qurumunda fəaliyyət göstərən vəkillərin siyahısının şübhəli və ya təqsirləndirilən şəxsə təqdim edilməsi, onun həmin siyahıdan vəkil seçməsi, vəkilin dəvət olunması və s. məsələlər vahid elektron məkan üzərindən həll edilməlidir".

A.Bağırov vurğulayıb ki, platforma çərçivəsində görülən işlər içərisində ən mühümlərindən biri isə elektron vəkil orderinin istifadəyə verilməsi olub: "Belə ki, artıq vətəndaşlar vəkil bürolarına getmədən, onlayn qaydada, dünyanın istənilən nöqtəsindən vəkillə hüquqi yardımın göstərilməsi barəsində müqavilə bağlaya bilir. Elektron vəkil orderi artıq 2023-cü ildən 5 Vəkil Bürosunda pilot layihə kimi tətbiq edilmişdir. Rəyasət Heyətinin 3 mart 2024-cü il tarixli qərarı ilə “Elektron vəkil orderi”nin cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi nəzərdə tutulub. Elektron vəkil orderi layihəsinin davamı kimi hal-hazırda “elektron vəkil sorğusu” layihəsi üzərində yekun işlər aparılır. Bildirmək istərdim ki, burada normativ hüquqi tənzimləmə ilə bağlı müəyyən problemlər mövcuddur. Bu problemlərin aradan qaldırılması istiqamətində müvafiq normativ hüquqi akt layihələri Ədliyyə Nazirliyi ilə birgə hazırlanıb və hal-hazırda razılaşdırma mərhələsindədir".

Sədr qeyd edib ki, rəqəmsallaşma sahəsində müasir trendləri daim izləyən Vəkillər Kollegiyası süni intellektin imkanlarından da istifadə edilməsi istiqamətində işlər aparmaqdadır: "Belə ki, yaxın zamanda Kollegiyanın “Elektron vəkillik” Komitəsi tərəfindən hazırlanan “Pro Bono” chat botu istifadəyə verəcək. Bu bot süni intellektdən istifadə edərək vətəndaşlara Pro Bono hüquqi yardım göstərəcək".

"Elektron cinayət təqibinin tətbiqi məsələsinə gəldikdə isə bu məkan çoxşaxəlidir və bütün cəmiyyətin və dövlətin rəqəmsallaşması kontekstində inkişaf etməkdə davam edir. Müasir texnologiyalardan və elektron sübutlardan istifadə etmədən bu sahədə vəkilin işini də təsəvvür etmək mümkün deyil", - deyə A.Bağırov əlavə edib.

Oxşar xəbərlər