Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirildi - FOTO


  • 25 Aprel 11:52

Aprelin 25-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

E-huquq.az-ın məlumatına görə, ARVK-nın sədri Anar Bağırov tədbiri açıq elan edib. Sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni və Vəkil Marşı səsləndirilib.

Mərasimdə Kollegiya sədri Anar Bağırov çıxış edərək Azərbaycanda vəkilliyin tarixindən, inkişafından və getdikcə daha da artan nüfuzundan, o cümlədən ARVK-nın beynəlxalq əlaqələrinin qurulmasından, çoxsaylı nüfuzlu təşkilatlara üzv qəbul edilməsindən danışıb, habelə digər məsələlər barədə tədbir iştirakçılarına məlumat verib.

Eyni zamanda, sədr son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini də xatırladaraq Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sisteminin fəaliyyətə başladığını bildirib.

Diqqətə çatdırılıb ki, 2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran 33 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar. Beləliklə, vəkillərin sayı 2454 nəfərə çatıb.

Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 21 nəfəri kişi, 12 nəfəri isə qadındır. Bununla da qadın vəkillərin sayı 472 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil etməkdədir. Vəkillərdən 3 nəfəri regionlarda, 30 nəfəri isə Bakıda fəaliyyət göstərəcək.

Sonra Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor Urxan Ələkbərov çıxışında andiçmə mərasimində iştirak edən vəkilləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Rektor “Prezident İlham Əliyevin yeni dövlət idarəçilik texnologiyaları: COP29-a aparan yol” mövzusunda danışaraq Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyinin əhəmiyyətini vurğulayıb, belə bir tədbirin ölkəmizdə keçirilməsinin çox vacib olduğunu dilə gətirib. O, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu nəzərə çatdırıb.

Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən də söz açan Urxan Ələkbərov ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını qeyd edib.

Azərbaycanda qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu bildirən rektor Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində ölkəmizin qazandığı nailiyyətlərə diqqət çəkib.

Həmçinin, mərasimdə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran namizədlərin andiçmə mərasimi olub, vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr təqdim edilib.

Daha sonra mərasimdə vəkilliyə namizədlər çıxış edib, vəkil peşəsinə yiyələndikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün ARVK-nın Rəyasət Heyətinə minnətdar olduqların söyləyiblər.

Tədbirin ikinci hissəsində fəaliyyətləri dövrlərində fərqlənən və həmçinin, yubileylərini qeyd edən Kollegiyanın bir qrup üzvləri təltif olunub.

Oxşar xəbərlər