"Əminik ki, yaxın zamanda Naxçıvan Vəkilliyi beynəlxalq standartlara tam cavab verəcək" - Anar Bağırov


  • 8 May 11:04

"Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və blokada şəraitində olmasına baxmayaraq burada da insan hüquq və azadlıqları hər zaman yüksək səviyyədə təmin olunur".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvanda keçirilən "Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi" mövzusunda konfransda deyib.

O xatırladıb ki, 9 aprel 2008-ci il tarixdə "Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanununa əsasən Naxçıvan Muxtar Respublikasında faktiki fəaliyyət göstərən 8 vəkil tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tərkibində Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası təsis edilib.

"Bu, blokada şəraitində insan hüquq və azadlıqlarının təmini üçün böyük və mütərəqqi addım idi. Bununla şəxslərin Konstitusion hüquqları olan yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun realizəsi daha mütərəqqi formada həyata keçirilməyə başlanılıb. 2022-ci ilin 6 dekabr tarixində Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni tərkibi növbəti 5 illiyə seçiləndən sonra qarşıya qoyulan məqsədlərdən biri də Naxçıvanda vəkilliyin daha da inkişaf etdirilməsi, Naxçıvan vəkilliyinin Azərbaycan vəkilliyinə tam inteqrasiya olunması, burada da vətəndaşların daha yüksək keyfiyyətli hüquqi yardım almalarının təmini, habelə müasir İKT-lərin tətbiqi olub.

Qeyd olunanların həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad müəllim ilə müxtəlif vaxtlarda 2 dəfə görüş keçirib. Görüşlərdə vəkilliyin inkişafı, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Bundan başqa, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi 9-10 mart 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasında səfər etmiş, buradakı mövcud vəziyyətlə tanış olmuşlar. Səfər çərçivəsində ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) professor-müəllim heyəti və tələbələrlə görüşülmüş və Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə NDU arasında memorandum imzalanmış, universitetin Hüquq fakültəsi üçün 2 təqaüd təsis edilmişdir. Səfər çərçivəsində həmçinin Naxçıvan MR Ali Məhkəməsinin sədri Səadət Bəktaşi ilə görüş keçirilib", - deyə sədr bildirib.

A.Bağırov qeyd edib ki, Vəkillər Kollegiyasının "Heydər Əliyev İli" ilə bağlı təsdiq olunmuş tədbirlər planı çərçivəsində Respublikamızın digər ərazilərində olduğu kimi, Muxtar Respublikada da hər ay pulsuz hüquqi yardım aksiyaları keçirilib: "Ümumilikdə Naxçıvanda 2023-2024-cü illərdə 500-ə yaxın şəxsə ödənişsiz Pro Bono hüquqi yardım göstərilib. Bu hüquqi yardım aksiyalarında həm Bakı şəhərində fəaliyyət göstərən vəkillər, həm də Naxçıvanda fəaliyyət göstərən vəkillər aktiv iştirak ediblər. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20.12.2023-cü il tarixli qərarı ilə Muxtar Respublikanın Vəkillər Kollegiyası ötən il ərzində pulsuz hüquqi yardım aksiyasında fəal iştirak etdiyinə görə "İlin vəkil qurumu" adına layiq görülüb".

O, həmçinin qeyd edib ki, "Heydər Əliyev ili" çərçivəsində görülən işlərin davamı kimi Naxçıvanda 11 may 2023-cü il tarixdə "Azərbaycanda gender bərabərliyinin təminatçısı Ulu Öndər Heydər Əliyev" mövzusunda konfrans təşkil edilib: "2023-cü il iyulun 9-da başçılıq etdiyim nümayəndə heyətinin iştirakı ilə Naçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının hesabat-seçki konfransı keçirilib. Hesabat-seçki konfransının nəticəsi kimi Vüsal Həsənov Muxtar Respublikanın Vəkillər Kollegiyasının sədri seçilib. Onun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının inzibati binasının təmiri həyata keçirilib, bir sıra işlər görülüb, o cümlədən Muxtar Respublikanın Kollegiyasının yerləşdiyi inzibati binanın ərazisinin yaxşılaşdırılması həyata keçirilib. Həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən səhhətində problem yaranan Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlərinə maddi yardım göstərilib, 2022-ci ildən isə ödənilməmiş kommunal xərclər və Aparat işçilərinin 4 aylıq əmək haqları ödənilib. 2023-cü ilin fevral ayı üzrə ödənilməmiş dövlət hesabına hüquqi yardımla əlaqədar haqqın vəkillərə ödənilməsi təmin edilib. Hüquqi yardıma dair müqavilə və order Azərbaycan üzrə vahid nümunəvi formaya uyğunlaşdırılıb, o cümlədən hər order üzrə markanın verilməsinin tətbiqinə başlanılıb. Belə ki, markadan əldə edilmiş məbləğlərin və üzvlük haqqının Naxçıvan vəkilliyinin inkişafı üçün xərclənməsi nəzərdə tutulub. Qeyd etmək istərdim ki, markalar Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına ödənişsiz olaraq verilir. Həmçinin,hüquqi yardıma dair müqavilə üzrə haqqın Azərbaycan təcrübəsinə əsasən nağdsız qaydada ödənilməsi ilə əlaqədar qərar qəbul edilib. Bundan başqa, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən Muxtar Respublikanın Vəkillər Kollegiyasının maddi bazasının yüksəldilməsi məqsədi ilə bir ədəd mikroavtobus verilib. Həmin nəqliyyat vasitəsi yerlərdə hüquqi yardıma ehtiyacı olan şəxslərə yaşadıqları yer üzrə hüquqi yardım göstərilməsi üçün istifadə olunur".

Sədr bildirib ki, ötən ilin iyul ayının 10-da son 15 ildə ilk dəfə Naxçıvanda yeni Vəkil Bürosu-Şərur rayon Vəkil Bürosu açılıb: "Dünən yeni Naxçıvan Asan Vəkil Bürosunun açılışı keçirilib. Hazırda Naxçıvan Muxtar Respublikasında 3 vəkil bürosu – Naxçıvan şəhər, Naxçıvan ASAN və Şərur rayon Vəkil Büroları fəaliyyət göstərir. Yaxın zamanda isə Culfa rayonunda da müasir tələblərə tam cavab verən yeni Vəkil Bürosu açılacaqdır".

Anar Bağırov deyib ki, vəkilliyə qəbul sahəsində də kifayət qədər mütərəqqi işlər həyata keçirilir: "Hazırda Naxçıvanda 20 vəkil fəaliyyət göstərir ki, bu say da çox azdır. Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının hesabatına əsasən Azərbaycanda 4500 nəfərə bir vəkil düşürsə, Naxçıvanda təxminən 20 min nəfərə bir vəkil düşür. Bu gün, torpaqlarımız üzərində tam suverenliyimiz bərpa olunandan sonra ilk dəfə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında andiçmə mərasimi keçiriləcək və 9 namizəd vəkil andı içərək vəkil vəsiqələrini əldə edəcəklər. Ötən qısa dövrdə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında fəaliyyət göstərən vəkillərin sayında 100% artım olub. Naxçıvan Muxtar Respublikasında vəkillik fəaliyyətini dayandıran 4 nəfərin fəaliyyəti Naxçıvan Muxtar respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə bərpa edilib, 2 vəkil isə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən vəkillik fəaliyyəti göstərmək üçün Naxçıvana göndərilib.

Sədr qeyd edib ki, şəxslərin yüksək keyfiyyətli hüquqi yardıma çatımlılığını təmin etmək, habelə müasir İKT-dən istifadəni daha da artırmaq məqsədilə Naxçıvanda fəaliyyət göstərən vəkillər üçün "Elektron vəkil kabineti"nin imkanları və elektron məhkəmədən istifadə, elektron müraciət qaydaları mövzularında təlimlər təşkil olunub: "Müasir dövrün tələblərindən biri də mediaya açıqlıq, sosial şəbəkələrdən daxil olan müraciətlərin cavablandırılmasıdır. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası sosial şəbəkədə daima aktivdir, edilmiş müraciətlər real vaxt rejimdə cavablandırılır. Kollegiyanın internet üzərindən saytının, elektron poçt ünvanının yaradılması, mediada maarifləndirici verilişlərdə, o cümlədən müxtəlif konfranslarda insan hüquq və azadlıqlarının müdafiəsi mövzularında çıxışların edilməsi və s. tədbirlərinin həyata keçirilməsi istiqamətində işlər aparılır"

O, Kollegiyanın hər zaman gənclərə dəstək olduğunu, onların vəkilliyə marağının artmasında bir sıra addımlar atdığını vurğulayıb: "Bu mənada Azərbaycan Respublikası Vəkilər Kollegiyasının dəstəyi ilə Naxçıvanda ELSA-nın Naxçıvan nümayəndəliyi təsis edilib, Naxçıvan Muxtar respublikası Vəkillər Kollegiyası ilə ELSA Naxçıvan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb, tələbələrin vəkil peşəsinə marağının artırılması üçün Kollegiyada könüllü təcrübə keçirmələrinə şərait yaradılıb. Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən təşkil olunan yay və qış məktəblərində NDU-nun ümumilikdə 10 tələbəsi iştirak edib. Gənc hüquqşünasların vəkilliyə cəlb edilməsi məqsədi ilə müxtəlif universitetlərin Hüquq fakültəsini bitirən 3 nəfər 2023-cü ilin ortalarından Naxçıvanda vəkil köməkçisi kimi fəaliyyətə başlayıb".

"Son 2 il ərzində Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası inkişaf yolu tutub. Müasir İKT-lərin tətbiqi, vəkillərin sayının artımı, yeni vəkillərin peşəyə qəbulu, yeni vəkil bürolarının təsis olunması, gənclərdə vəkilliyə marağın artırılması müsbət tendensiyadır. Biz əminik ki, yaxın zamanda Naxçıvan Vəkilliyi beynəlxalq standartlara tam cavab verəcəkdir. Və biz bunun üçün dəstək olmağa hər zaman hazırıq", - A.Bağırov əlavə edib.

Oxşar xəbərlər