- 7 Oktyabr 13:39
"Bu gün vəkillərimiz vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərilməsi istiqamətində fəaliyyətlərini layiqincə yerinə yetirirlər".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov deyib.
O bildirib ki, paytaxt Bakı ilə yanaşı, bölgələrdə də vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmətin göstərilməsi istiqamətində işlər davam etdirilir: "Artıq bölgələrdə müasir tələblərə cavab verən vəkil büroları istifadəyə verilir. Burada vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmətin göstərilməsi təmin olunur".
Sədr müavini qeyd edib ki, aparılan islahatlar nəticəsində vəkilliyə maraq artıb: "Vəkillərin sayı artmaqda davam edir. Mayın 26-da keçirilməsi nəzərdə tutulan vəkilliyə qəbul üzrə test imtahanında 600-ə yaxın namizəd iştirak edəcək".
P.Ələkbərov vəkillik sahəsində islahatların bundan sonra da davam edəcəyini söyləyib: "Vəkillik institutunun daha da inkişaf etməsi və güclənməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Vəkillər Kollegiyası hər zaman vəkillərin yanındadır və onların problemlərinin həlli istiqamətində əlindən gələni etməyə hazırdır".
Xəyalə Bünyatova