Vəkillər Kollegiyasının sədri vəkilliyə namizədlərlə görüşdü - FOTO


  • 27 May 20:29

Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.

E-huquq.az xəbər verir ki, hazırda yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 45 vəkilliyə namizədlə Ədliyyə Akademiyasında icbari təlim davam etdirilir.

Cari ilin may ayının 27-də isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin sədri Anar Bağırovun vəkilliyə namizədlərlə görüşü keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən sədr namizədlərə uğurlar arzulayıb, təlim zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirildiyini dilə gətirib.

İnsan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris edildiyini söyləyən Anar Bağırov icbari təlimdə 45 vəkilliyə namizəddən 21 nəfər qadının, 24 nəfər isə kişinin iştirak etdiyini və habelə onlardan 89 faizinin 40 yaşadək olduğunu deyib.

Vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə danışan sədr son dövrlər Azərbaycan vəkilliyində aparılan islahatlardan, vəkillərin sayının artırılması istiqamətində görülən işlərdən, o cümlədən onların yenilənməsindən, cavanlanmasından, müasirləşməsindən və təkmilləşməsindən söz açıb. Anar Bağırov son illər tədris prosesində dəyişikliklərin edildiyini, bu istiqamətdə müəyyən islahatların aparıldığını, bütün işlərin Ədliyyə Akademiyası ilə birgə həyata keçirildiyini, əvvəlki illərdən fərqli olaraq, daha təkmil, səmərəli və effektli proqramın mövcud olduğunu diqqətə çatdırıb.

Eyni zamanda sədr ötən həftə başçılıq etdiyi nümayəndə heyətinin Türkiyədə rəsmi səfərdə olduğunu, Türkiyə Barolar Birliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə keçirilən Türk dünyası Vəkillər kollegiyalarının zirvə toplantısını, imzalanan niyyət bəyannaməsini, o cümlədən iştirak etdikləri bir sıra mühüm görüşləri xatırladaraq bu istiqamətdə vəkillər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin Anar Bağırov Kollegiyanın son illər bir çox beynəlxalq təşkilatlara üzv olmağından, o cümlədən yerli dövlət qurumları ilə işgüzar əməkdaşlıqlardan danışıb, vəkillikdən irəli gələn təşəbbüsün dövlət tərəfindən tam dəstəkləndiyini qeyd edib.

Sədr xüsusi ilə nəzərə çatdırıb ki, vəkillər öz peşə borcunu layiqincə yerinə yetirməli, qanunlarla və həmçinin etik davranış kodeksi ilə üzərilərinə qoyulan vəzifələri icra etməli, vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərməli, qeyri-qanuni hərəkətlərə və qeyri-prosessual münasibətlərə yol verməməlidirlər.

Anar Bağırov vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə vurğulayıb. O, bu Sərəncamın ilk dəfə olaraq vəkillik sahəsində aparılacaq islahatların konturlarını, istiqamətlərini müəyyən etdiyini, müasir Azərbaycan vəkilliyinin inkişafının faktorlarından biri olduğunu bildirib.

Daha sonra ARVK sədrinin "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilib, namizədləri maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.

Oxşar xəbərlər