- 19:05
"Bu gün təhsil sahəsində aparılan islahatlar hər birimizi sevindirir. Ulu Öndər Heydər Əliyevin adını daşıyan və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond təhsilimizin və gənclərimizin inkişafı sahəsində çox böyük layihələr icra edir".
E-huquq.az xəbər verir ki, bunu Bakı Dövlət Universiteninin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunan "Respublika Hüquq Olimpiadası"nda çıxışı zamanı deyib.
O bildirib ki, olimpiadada 8 ali təhsil müəssisəsinin Hüquq fakültələrinin tələbələri iştirak edir: "Bu gün Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin təşkilatçılığı ilə ikinci dəfə “Respublika Hüquq Olimpiadası” keçirilir. Dəvətimizi qəbul edib tədbirdə iştirak edən bütün qonaqlarımıza və ali təhsil müəssisələrinin nümayəndələrinə təşəkkür edirəm. Ötən il biz Hüquq fakültəsi olaraq ilk dəfə hüquq olimpiadası keçirdik və olimpiada Heydər Əliyev Fondunun 20 illiyinə həsr edilmişdi. Builki "Respublika Hüquq Olimpiadası" isə Azərbaycan Respublikası Baş Prokurorluğunun dəstəyi ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində keçirilir və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunur".
Z.Əliyev qeyd edib ki, Konstitusiya hər bir dövlətin əsas dayaqlarından biridir: "Bu il həm müəllifi Ulu Öndər Heydər Əliyev olan Konstitusiyamızın qəbul edilməsinin 30 illiyi, həm də Vətən müharibəsində qazandığımız zəfərin 5 illiyidir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurub yaratdı, müasir Azərbaycanın qurucu memarı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev isə qalib Azərbaycan dövlətinin memarıdır. İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və bu gün Azərbaycanın əsas qanunu olan Konstitusiya Azərbaycanın bütün ərazisində qüvvədədir. Bizim üçrəngli bayrağımız indi Qarabağda, Şuşada, Xankəndidə, Kəlbəcərdə qürurla dalğalanır. Belə bir ildə "Respublika Hüquq Olimpiadası"nın keçirilməsi gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi, onların hüquq düşüncəsinin inkiaf etdirilməsi, dövlətçiliyə bağlı peşəkar hüquqşünasların yetişdirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir".
Hüquq fakültəsinin dekanı vurğulayıb ki, bu il ilk dəfə olimpiadada Qarabağ Universitetinin tələbələri də iştirak edir: "Bu da özlüyündə çox sevindirici və qürurverici haldır".
Şəbnəm Mehdizadə