- 6 May 19:05
6 may 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin təşəbbüsü və fakültənin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika Hüquq Olimpiadası keçirilib.
E-huquq.az xəbər verir ki, olimpiadanın keçirilməsində əsas məqsəd hüquq ixtisası üzrə təhsil alan tələbələrin nəzəri bilik və praktiki bacarıqlarını üzə çıxarmaq, onların hüquqi düşünmə və təhlil qabiliyyətlərini inkişaf etdirmək, eyni zamanda, hüquqşünas gənclər arasında sağlam rəqabət mühitinin formalaşmasına töhfə vermək olub.
Tədbirdə respublikanın aparıcı ali təhsil müəssisələrindən – Qarabağ Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Naxçıvan Dövlət Universiteti – olmaqla, ümumilikdə 8 ali təhsil müəssisəsi iştirak edib. İştirakçılar hüququn müxtəlif sahələrinə dair nəzəri və praktik xarakterli sualları cavablandıraraq öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Tədbirin açılış mərasimində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxış edərək iştirakçıları və qonaqları salamlayıb, Respublika Hüquq Olimpiadasının ilk dəfə 2024-cü ildə BDU Hüquq fakültəsi tərəfindən təşkil olunduğunu, həmin olimpiadanın Heydər Əliyev Fondunun 20 illik yubileyinə və Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunduğunu xatırladıb. O, cari ilin xüsusi önəm daşıdığını vurğulayaraq, olimpiadanın məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Qələbənin 5 illiyi ərəfəsində keçirilməsinin əhəmiyyətini qeyd edib. Dekan Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin isə qalib Azərbaycan dövlətinin qurucusu olduğunu xüsusi vurğulayıb. Zaur Əliyev çıxışında həmçinin Qarabağ Universitetinin olimpiadada ilk dəfə iştirak etdiyini vurğulayıb, eləcə də budəfəki olimpiadanın Azərbaycan Respublikasının Baş Prokurorluğunun dəstəyi ilə keçirildiyini qeyd edib və buna görə Baş prokuror, hüquq elmləri üzrə fəlsəfə doktoru Kamran Əliyevə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov suverenliklə bağlı məqamlara toxunaraq tələbələrə suveren bir dövlətin vətəndaşı olmağın məsuliyyətlərini xatırlatmış və onların hüquqşünas kimi formalaşması baxımından vacib tövsiyələr verib.
Sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov çıxış edərək prokurorluq orqanları ilə ali təhsil müəssisələri arasında mövcud əməkdaşlıqdan və bu əməkdaşlığın tələbələr üçün yaratdığı imkanlardan bəhs edib, gənclərin prokurorluq sisteminə marağının artdığını qeyd edib.
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov isə tələbələrin təşəbbüsü ilə gerçəkləşən layihələrin əhəmiyyətini xüsusi vurğulayaraq, Fondun gənclərin inkişafı və onların ictimai fəallığının təşviqi istiqamətində həyata keçirdiyi layihələr haqqında məlumat verib.
Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev çıxışında hüquq tələbələri arasında intellektual müsabiqələrin keçirilməsinin onların biliklərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini önə çəkib.
Olimpiadanın təşkilində və hüquqi maarifləndirmə işinə verdikləri töhfəyə görə bir sıra şəxslərə Hüquq fakültəsinin dekanı Zaur Əliyev tərəfindən təşəkkürnamələr təqdim olunub.
Ardınca fakültənin Tələbə Gənclər Təşkilatının sədri Veysəl Mirzəzadə çıxış edərək Olimpiadanın formatı, mərhələləri və texniki xüsusiyyətləri barədə ətraflı məlumat verib.
Olimpiada iki mərhələdən ibarət olmuş və yekunda bitərəf mütəxəssislərdən və alimlərdən ibarət münsiflər heyətinin qərarına əsasən I yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, II yerə Dövlət Gömrük Komitəsinin Akademiyası, III yerə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası layiq görülüb.
Olimpiadanın keçirilməsinə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, eləcə də tərəfdaş qurumlar – BM Morrison Partners hüquq şirkəti, “De Fendo” vəkil bürosu, “Mirzəyev və Partnyorları” vəkil bürosu və “Ekvita” hüquq şirkətinə təşəkkür elan olunub.
BDU Hüquq fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş II Respublika Hüquq Olimpiadası öz işini uğurla başa vurub.