- 00:44
İyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Volodimir Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb.
Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib.
Prezident Volodimir Zelenski, həmçinin Ukrayna vətəndaşlarının İrandan təxliyəsi məsələsində Azərbaycanın dəstəyinə görə dövlətimizin başçısına təşəkkür edib.
Telefon söhbəti əsnasında ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Hökumətlərarası Komissiyanın iclasının tezliklə Bakıda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bir daha qarşılıqlı dəstək ifadə edilib.
Ukrayna Prezidenti, eyni zamanda, Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardımlara görə də minnətdarlığını bildirib.
***
19.08
Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
E-huquq.az xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı sosial şəbəkə hesabında yazıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdığını yazaraq qeyd edib: "Ukraynaya və onun ərazi bütövlüyünə verdiyi dəstəyə görə İlham Əliyevə təşəkkür etdim. Səfərov qardaşlarının Rusiya ərazisində qətli ilə əlaqədar Azərbaycana başsağlığı verdik. Əminəm ki, bütün faktlar açıqlanacaq. Və bunun üçün mütləq ədalət lazımdır. Prezident Əliyevlə eyni düşüncədəyik - hər bir insanın həyatı və ləyaqəti qorunmalıdır", - paylaşımda qeyd olunub.
Həmçinin, danışıq zamanı ikitərəfli münasibətlərin, o cümlədən enerji və humanitar əməkdaşlığın müzakirə edildiyi də vurğulanıb.