- 3 İyul 20:36
"Yekaterinburqda baş verən hadisələr cinayət və vəhşilikdir. Təəssüf ki, bu gün Rusiya hüquq-mühafizə orqanları hadisələrin obyektiv araşdırılması əvəzinə, cinayətkar mövqedən çıxış edir".
Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Rusiya bu cür təxribatlara son qoymalıdır: "Təəssüf ki, bu gün Rusiya beynəlxalq hüquqa əməl etmir. "AZAL"a məxsus sərnişin təyyarəsinin vurulması və daha sonra Yekaterinburqda baş verən hadisələr bir daha göstərir ki, bunlar Rusiyanın birbaşa iştirakı ilə həyata keçirilmiş addımlardır. Bu hadisələrlə bağlı bütün məsuliyyət Rusiya tərəfinin üzərinə düşür".
C.Məmmədov qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanaraq bu məsələdə lazım olan bütün addımları atacaq: "Hesab edirəm ki, Azərbaycanın cavabı həm yerində, həm də kifayət qədər güclü və adekvat olub. Azərbaycanın əsas tələbi hadisələrin hərtərəfli şəkildə araşdırılması və məsul şəxslərin cəzalandırılmasıdır. Bu, beynəlxalq hüquqa əsaslanan haqlı tələbdir. Rusiya Azərbaycandan üzr istəməli, törədilmiş cinayətlərin nəticələrini aradan qaldırmaq üçün zəruri addımlar atmalıdır. Lakin biz bu addımları görmürük. Əksinə, Rusiya tərəfindən daha çox azərbaycanlının həbs olunması və yeni təxribatların törədilməsi müşahidə olunur".
Deputat vurğulayıb ki, Azərbaycan hər zaman Rusiya ilə münasibətlərin inkişafında maraqlı olub və bunun üçün öz tərəfindən zəruri addımlar atıb: "Təəssüf ki, eyni yanaşmanı biz Rusiya tərəfindən görmürük. Rusiya tərəfi davamlı şəkildə təxribat xarakterli hərəkətlərə yol verir. Rusiya rəsmiləri anlamalıdır ki, bu cür davranışlar iki qonşu ölkə arasındakı münasibətlərə ciddi zərər vurur. Azərbaycan heç vaxt digər dövlətlərin daxili işlərinə qarışmayıb. Bu, heç bir halda Rusiyanın daxili işlərinə qarışmaq deyil, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyidir. Rusiya belə təxribatlara son qoymalı və məsələyə mahiyyətu üzrə obyektiv yanaşmalıdır. Azərbaycan sonadək bu prosesin ədalətli yekunlaşması üçün səylərini davam etdirəcək".
Şəbnəm Mehdizadə