Milli Məclisə "Xüsusi icra məmurları haqqında" qanun layihəsi daxil olub


  • 2 İyul 17:28

Milli Məclisə "Xüsusi icra məmurları haqqında" qanun layihəsi daxil olub.

E-huquq.az xəbər verir ki, qanun layihəsi parlamentin iyulun 4-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qanun layihəsi 6 fəsil, 38 maddədən ibarətdir.

Qanun xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və fəaliyyətinə nəzarətlə bağlı ictimai münasibətləri, xüsusi icra məmurlarının hüquqi statusunu tənzimləyəcək.

Xüsusi icra məmuru qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi (bundan sonra şəhadətnamə) almış fiziki şəxs olacaq. Xüsusi icra məmuru məcburi icra orqanı statusuna malik olacaq, fəaliyyətini peşəkar əsaslarla həyata keçirəcək. Xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilmir. Xüsusi icra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmur.

Xüsusi icra məmurunun icra icraatı çərçivəsində qəbul etdiyi qərarlar hüquqi qüvvəsinə görə dövlət icra məmurunun qəbul etdiyi qərarlara bərabərdir. İcra sənədlərinin icrası ilə əlaqədar xüsusi icra məmurunun qanuni tələbləri Azərbaycan Respublikasının ərazisində bütün dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Xüsusi icra məmuruna icra sənədlərinin icrası ilə əlaqədar tələb olunan məlumatlar, sənədlər və onların surətləri dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər tərəfindən tam və vaxtında verilməlidir.

Xüsusi icra sistemi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş mərhələlərdə tətbiq olunacaq.

Oxşar xəbərlər