- 16:12
“Azərbaycanda ən çox əziyyət çəkən şəxslər polislərimizdir”.
E-huquq.az xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
O, ölkədə polis əməkdaşlarının əhəmiyyətli rolunu vurğulayıb.
“Polisin gecəsi-gündüzü yoxdur. Biz rahat yatarkən bizi qoruyan məhz onlardır. Birinci Qarabağ müharibəsində ordu yox idi, polislərimiz ürəklə döyüşdü. 62 Milli Qəhrəman polis olub. Düşünürəm ki, onların əməkhaqqı çox aşağıdır”, - deyə deputat qeyd edib.
A.Abbas həmçinin vurğulayıb ki, Azərbaycan polisi MDB ölkələri arasında ictimai asayişin qorunması, cinayətkarların tapılıb cəzalandırılması sahəsində fəallığı ilə seçilir. Onun fikrincə, bu səbəbdən polis əməkdaşlarının əməyi yüksək qiymətləndirilməlidir.
Şəbnəm Mehdizadə