- 15:34
Ötən müddət ərzində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 1,3 milyondan çox əmək müqaviləsi məlumatlarını təhlil edib.
Bu barədə e-huquq.az-a qurumdan məlumat verilib.
Qeyd edilib ki, 21 min respondent arasında sorğular təşkil edilib. 800 mindən artıq tələbə və məzunun müxtəlif istiqamətlər üzrə təhsilə dair göstəriciləri və 200 min vakansiya məlumatları təhlil edilib.
Milli Observatoriyanın əmək bazarının araşdırılması, şəffaf sorğu prosesinin keçirilməsi və tədqiqat nəticələrini əhatə edən fəaliyyəti, etibarlı təhlil nümunələri, təlim sahəsində göstərdiyi xidmətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Təkcə bu il qurum 3 beynəlxalq mükafata layiq görülüb.
Bildirilib, müvafiq beynəlxalq və yerli mərkəzlərlə, ali təhsil müəssisələri ilə fəal əməkdaşlıq edən Milli Observatoriyanın təhlil-tədqiqat mərkəzi olaraq əsas hədəfi regionda aparıcı beyin mərkəzlərindən birinə çevrilməkdir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından 6 il ötür.