- 17:05
Ölkəmizin sürətli inkişafı, genişlənən quruculuq prosesi, dünyada lider mövqeyinin güclənməsi öz növbəsində media gündəmini də zənginləşdirir və medianı öz işini ölkənin dinamik inkişaf tempinə uyğun qurmağa sövq edir. Medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetlərindəndir.
E-huquq.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iyulun 8-də keçirilən “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Prezidentin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında göstərildiyi kimi, Vətən müharibəsində Qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyib.
Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq imkanının verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edib.
Ə.İsmayılov diqqətə çatdırıb ki, bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb.