- 12:11
Ədliyyə Nazirliyi kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində bu gün ədliyyə orqanlarına qulluğa qəbulla bağlı Dövlət İmtahan Mərkəzi ilə birlikdə test imtahanı keçirir.
E-huquq.az xəbər verir ki, imtahan prosesini izləmək üçün ədliyyə nazirinin müavini, nazirliyin Müsabiqə Komissiyasının sədri Abiddin Hüseynov və Komissiyanın digər üzvləri də imtahanda iştirak edib.
Müsabiqədə 91 namizəd iştirak edib. Namizədlərin yarıdan çoxunu gənclər təşkil edir. Həmçinin, imtahanda iştirak edən namizədlərdən 59%-i kişi, 41%-i qadındır.
İmtahan kompüterlər vasitəsilə elektron qaydada keçirilir. İmtahanda namizədlərə 80 sual qanunvericilik və 20 sual məntiqi təfəkkür üzrə olmaqla, ümumilikdə 100 sual təqdim edilib. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi təfəkkür üzrə hər sual 0.5 balla qiymətləndiriləcək. Test imtahanından keçid balı 55-dir. İmtahan 3 saat müddətində davam edəcək. Namizəd bütün sualları cavablandırıb imtahanı yekinlaşdırdıqda onun nəticələri dərhal elan olunacaq.
Qaydalara əsasən test imtahanından uğur qazanmış və təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar. Söhbət mərhələsini uğurla başa vuran namizədlər icbari təlimə cəlb olunacaq və ədliyyə Nazirliyin müxtəlif struktur qurumlarında vakant vəzifələrə təyin olunacaqlar.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin kadr korpusunun gücləndirilməsi məqsədilə 2006-cı ildən etibarən 24 müsabiqə keçirilib. Bu günədək 1107 hüquqşünas müsabiqə yolu ilə ədliyyə orqanlarına qulluğa qəbul olunub.