Müsabiqə yolu ilə 1200-ə yaxın hüquqşünas ədliyyə orqanlarında qulluğa qəbul olunub


  • 12:11

"Bu gün Ədliyyə Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə ədliyyə orqanlarında qulluğa qəbul üzrə test imtahanı keçirir. Hazırda imtahanda 91 namizəd iştirak edir. Onların 59 faizi kişi, 41 faizi isə qadındır. Test imtahanı elektron formatda, kompüterlər vasitəsilə həyata keçirilir. Namizədlərə 100 sual təqdim olunur ki, bu sualların 80-i qanunvericilik, 20-si isə məntiqi təfəkkürlə bağlıdır. Qanunvericilik suallarının hər biri 1 balla, məntiqi təfəkkür suallarının hər biri isə 0,5 balla qiymətləndirilir".

E-huquq.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ləman Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, imtahandan 55 və daha çox bal toplayan namizədlər bu mərhələni müvəffəqiyyətlə tamamlamış hesab olunurlar. Növbəti mərhələdə namizədlər tələb olunan sənədləri Ədliyyə Nazirliyinə təqdim edir və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunvericiliyin tələblərinə cavab verən şəxslər ikinci tura, yəni müsahibə mərhələsinə buraxılırlar.

"Müsahibə fərdi şəkildə aparılır. Bu mərhələni də uğurla başa vuran namizədlər icbari təlimə cəlb olunur və son mərhələdə Ədliyyə Nazirliyinin aparatı və struktur qurumlarında olan vakant ədliyyə qulluqçusu vəzifələrinə təyin edilirlər", - deyə L.Hüseynzadə qeyd edib.

Nazirliyin rəsmisi onu da bildirib ki, bu, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən keçirilən 25-ci müsabiqədir. 2016-cı ildən etibarən bu müsabiqə vasitəsilə 1200-ə yaxın hüquqşünas ədliyyə orqanlarında qulluğa qəbul olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər