Ölüm kağızı və dəfn pulu ilə bağlı qaydaların sadələşdirilməsi təklif olunur


  • 14 İyul 11:50

Ölüm kağızının verilməsi və dəfn pulunun ödənilməsi ilə bağlı qaydaların sadələşdirilməsi təklif olunur.

E-huquq.az-ın məlumatına görə, belə bir təkliflə Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında çıxış edib.

Deputat qeyd edib ki, yas mərasimlərində tez-tez ondan ölüm kağızının alınması ilə bağlı kömək tələb olunur. Mürəkkəb və yüksək tələblərlə tətbiq olunan prosedurlar əksər hallarda vətəndaşların işini çətinləşdirir. O bildirib ki, yas mərasimləri əsasən adət-ənənə və milli dəyərlərimizə əsaslanır və prosedurların bu reallıqlara uyğunlaşdırılması vacibdir.

"Xəstəxanada xəstə kimi qeydiyyatda olmayana, təcili yardım çağırmayana da ölüm kağızı verilmir, təyin olunmuş qısa müddət ərzində dəfn pulu üçün müraciət etməyənə də verilmir və hamısı məhkəməyə yönləndirilir. Yaxınını itirmiş ailənin başı minimum 7-10 gün qarışır. Hüquqi prosedurlar yadına düşmür belə. Məhkəməyə getmək üçün də 101 manat ödəniş olmalıdır. Gedir məhkəməyə, məhkəmə də deyir ki, get icra nümayəndəsindən arayış gətir. Əvvəl icra nümayəndəsinin arayışı ilə məsələ asanlıqla həllini tapırdı. Əgər məhkəmə icra nümayəndəsinin arayışı ilə iddianı həll edirsə, o zaman bu hüquq icra nümayəndəsindən niyə alınırdı? Məntiqli sual deyilmi?"- deyə R.Nurullayev qeyd edib.

"Təklif edirəm ki, ölüm kağızının və dəfn pulunun ödənilməsi ilə bağlı problemlərin həlli üçün qanun və qaydalarda sadələşdirilmə aparılsın", - deputat bildiirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər