- 14 İyul 18:21
Tanınmış oftalmoloq Cahid Şahbazovun keçirdiyi göz əməliyyatından sonra görmə qabiliyyətini itirən Humay Əliyevanın şikayəti əsasında cinayət işi açılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Humay Əliyeva bildirib.
O, “Caspian İnternational Hospital”da oftalmoloq Cahid Şahbazov tərəfindən göz əməliyyatı olunduqdan sonra görmə qabiliyyətini itirdiyini iddia edib. Humay Əliyevanın sözlərinə görə, həkim tərəfindən gözünün yanlış müayinəsi aparılıb və səhv diaqnoz qoyulub. O qeyd edib ki, keçirilən tibbi ekspertiza da bunu təsdiqləyib.
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Mənbə: APA