Rusiyanın azərbaycanlı miqrantlara qarşı qərəzli mövqeyi nədən qaynaqlanır?


  • 25 İyul 11:55

Son həftələrdə Rusiya Federasiyasının müxtəlif bölgələrində Azərbaycan əsilli şəxslərə qarşı cinayətkarlıqla mübarizə adı altında aparılan siyasi kompanıyaya qoşulan tanınmış ictimai və dövlət xadimlərinin sayı günbəgün artır və sanki bu marafona qoşularaq hərə öz siyasi kimliyini bir daha yada salmaq, qabartmaq niyyətini biruzə verir.

Bu baxımdan Yekaterinburq şəhərində diaspora fəaliyyətində aktiv şəxslərdən olan ziyalı ata-oğul Şıxlinskilərə qarşı hüquq-mühafizə orqanlarının basqısı ilə bağlı proseslərin necə cərəyan etməsi narahatçılıq doğurmaya bilməz. Adıçəkilən həmvətənlərimizin necə yaxalanmasını KİV vasitəsilə çoxsaylı insanlar izləmişlər və bu prosesin hansı kobud və qəddarlıqla, mötəbər hüquqi əsaslar olmadan, eləcə də adıçəkilən şəxslərin cəmiyyətdəki müsbət imici nəzərə alınmadan həyata keçirilməsinin şahidi olmuşlar. Belə bir ajiotajlı vəziyyətdə avtomobilə hücum edən şəxsləin kimliyini ayırd etməyə imkanı olmadığından və onu atası ilə oğurlamaq cəhdinin olduğunu ehtimalı ilə dərhal geriyə hərəkət etdiyindən, qanunazidd hərəkət barədə niyyəti olmadan hansısa əməliyyatçıya xəsarət yetirilməsini bildirən Mutvalı Şıxlinski bir müddət sonra sərbəst buraxılmışdı. Lakin aradan ötən qısa müddətdən sonra araşdırma yenidən canlanaraq ali hüquq təhsilli, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış, şəhərdə daimi yaşayış yeri olan Mutvalı barədə həbs qətiimkan tədbiri seçilmişdir. Gözlənilməyən bir dönüş... Nə baş verdi ki, istintaq fikrini qəfildən radikal şəkildə dəyişdi?

Bu sualın cavabı çox gecikmədi. İnternet resurslarında “Ədalətli Rusiya Partiyası”nın rəhbəri Serqey Mironovun müsahibəsindən aydın olur ki, M.Şıxlinski məhz onun xahişi ilə saxlanılmış, partiya sədri şəxsən RF Baş Prokuroru İqor Krasnova müraciət edərək, hadisənin nəzarətə götürülməsini, eləcə də Azərbaycan diasporlarının və onların bütün ölkə üzrə bizneslərinin, o cümlədən ən iri kapital bazarları “Food sity” və “Sadovod”un, habelə Şıxlinskinin biznesinin yoxlanılmasını gündəmə gətirmişdir. Rusiyanın bu dövlət xadimi ali hüquq təhsilli bir gənci - Mutvalını tanımadan belə onun haqqında “…bu başdanxarab gənc qaçmaq istəyərkən xüsusitəyinatlının üzərinə maşın sürüb…” kimi qərəzli fikirlər səsləndirib. Nədir bu qərəzin səbəbi, nədən şimal qonşumuz azərbaycanlıların üzərinə sanki bir səlib yürüşunə başlamışdır?

Cavabı bir neçə aspekdən analiz etmək mümkündür. İlk növbədə gərginliklə müşahidə olunan Rusiyanın ölkəmizə qarşı qeyri-standart münasibəti və bu münasibətdən irəli gələn sərt hərəkətlərlə müvafiq xidmət orqanları vasitəsilə insanlarımıza təzyiqlər edib incitməklə, Azərbaycanın siyasi yanaşmalarında dəyişiklik olunmasını ehtimal etmələri və ən azından ötən ilin dekabrında Rusiya səmasında-Qroznı üzərində sərnişin təyyarəmizin vurulması, həmvətənlərimizin həlak olunması ilə bağlı müvafiq tələblərimizin bir növ unudulmasını istəmələridir.

Həmçinin, görünən odur ki, Azərbaycanın 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ilin sentyabrında 1 günlük anti-terror əməliyyatı ilə Qarabağ bölgəsinin bütün ərazilərinin erməni separatçılarından tam təmizlənməsi, bundan sonra isə Rusiyanın “sülhməramlı” adlandırdıqları hərbi birləşməsinin respublikamızdan çıxarılması faktını şimal qonşumuz heç cür həzm edə bilmirlər və imperiya düşüncələri hələ də onları narahat edərək digər postsovet ölkələrinə qarşı aqressiv hərəkətlərə sövq edir.

Digər tərəfdən, suveren Ukrayna dövlətinə 4-cü ildir davam edən "xüsusi hərbi əməliyyat" adlandırdıqları müharibədə milyondan artıq vətəndaşını itirməsi və ölkə daxilində dövlət və hökumət rəhbərliyinə qarşı kütləvi narazılıqları başqa səmtə səmtə yönəltmək istəyidir. Yeri gəlmişkən, bu taktika əvvəllər də Rusiyada mövcud olmuşdur. Məsələn, çar Rusiyasının çətin iqtisadi durumları dövrüdə əhalinin fikrini yəhudilərin üzərinə yönəldərək, “cühudları döyün, Rusiyanı xilas edin” kimi milliyətçi toxumları səpməkıə cəmiyyətdəki problemləri qeyri-rusların üzərinə atmışlar.

Təbii ki, səbəblər sırasında adi insan qısqanclığı, paxıllıq, gözgötürməməzlik faktorlarını da nəzərdən qaçırmaq olmaz…. Qıraqdan asan görünsə də, insanlarımız Rusiyada özlərinə layiqli həyat qurmalarına xeyli zəhmət və əziyyət çəksə də, rus əhalisi sanki bu əziyyətləri görməmiş kimi bütün qeyri-rusların boş yerdən varlandıqları barədə həsədlə dedi-qodular yayırlar.

Obyektivlik naminə, bəzi vətəndaşlarımızın Rusiyada kriminal işlərlə məşğul olmalarını etiraf etmək lazımdır. Hərçənd ki, vaxtilə SSRİ və Rusiyanın prokurorluq orqanlarında xidmət etdiyimdən dəqiq deyə bilərəm ki, Qafqaz və Mərkəzi Asiya respublikaları vətəndaşlarınln törətdikləri qanuna zidd əməlləri rus millətindən olan şəxslərin qanunazidd əməlləri ilə nisbətdə faiz baxımından çox-çox aşağı səviyyədə olmuşdur.

İndi gələk., Mutvalı Şıxlinskinin barəsihə həbs qəti-imkan tədbirinin seçilməsinə. Mutvalı Şıxlinski ali təhsilli hüquqşünasdır, Yekaterinburqda vəkil kimi fəaliyyət göstərir, məhkum olunmayıb, daimi yaşayış yeri var…. RF Cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq, təqsirəndirilən şəxs barədə həbsin seçilməsi zamanı bu amil, həmçinin onun istintaqdan yayıncağı, istintaqın gedişatına mane olacağı, sübutları məhv edəcəyi barədə xüsusatlarin olmadığı nəzərə alınmamış, yalnız ona verilmiş ittihamın ağırlğı əsas götürülmüşdür… İttihamın özünün isə absurd olması aşkar görünən faktdır, çünki əvvəldə qeyd etdiyim kimi, naməlum şəxslərin qəfildən Mutvalının idarə etdiyi avtomobilə aqressiv hücumu zamanı sonuncunun real vəziyyəti dərk etmək, həmin şəxslərin məhz hüquq-mühafizə orqanları əməkdaşlarının olmasını dürüstləşdirməyə real imkanı olmadığından avtomobili geriyə sürmüş və bu zaman öz ifadəsində də bildirdiyi kimi, kiməsə xəsarət yetirmək niyyəti olmamışdır. Bu da cinayətin tərkibinin əhəmiyyətli komponenti olan subyektiv tərəfin möcudluğunu inkar edir… Hər bir halda, ən azından psixoloji ekspertiza keçirilərək, belə gərgin şəraitdə onun ətrafındakı vəziyyəti düzgün qiymətləndirmək iqtidarında olub-olmaması, həmçinin hadisəni görən mülki şəxsləin dairəsi müəyyən edilərək obyektiv ifadələri alınmalı, yalnız bundan sonra sübütların məcmusuna hüquqi qiymət verilmıli idi… Əvəzində isə tam əksinə olaraq, S.Mironovun zəngi əsas götülməklə siyasiləşdirilmiş qərar qəbul olunmuşdur.

Niyə S.Mironov və digər Rusiya rəsmiləri bu məsələdə bu qədər canfəşanlıq edirlər? Bu düşündürücü sualdır. KİV və internet resurslarında olan məlumatlardan göründüyü kimi, S.Mironov həqiqi hərbi xidmətini Azərbaycanda - Gəncə şəhərində keçirmiş, Bakı Slavyan Universitetinin fəxri doktoru adını almış, iki dəfə Rusiya prezidentliyinə namizədliyini irəli sürsə də, heç 1 faiz də olsun belə seçici səsi toplaya bilməmiş, bu azmış kimi, seçki sonu namizədinin əslində məhz V.Putin olmasını elan etmişdir… Yəni, uğursuz və öz ölkəsində belə, nüfuzu olmayan, nankor, oyunbaz bir siyasətçidir və indiki halda azərbaycanlılara qarşı sərt ritotika ilə çıxış etməklə özünə siyasi dividend qazanmağa cəhd edir.

RF İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin də miqrantlara qarşı radikal mövqe tutmasının, mənim qənaətimə görə, özəl səbəbləri var. Bu şəxsin qeyd edilən vəzifədə qalma müddəti bitməsinə baxmayaraq, Rusiya Prezidenti 2024-cü ilin payızında sərəncam imzalayaraq 71 yaşlı A.Bastrıkinin səlahiyyət müddətini 27 avqust 2025-ci ilədək uzatmışdır. Sanki bundan ruhlanan baş istintaqçı miqrantlara və qeyri-ruslara qarşı müstəsna radikall mövqe tutaraq Rusiya cəmiyyətinin milliyətçi kəsimində yüksək imic qazanmaq və ölkəsinin rəhbərliyinin gözündə özünün hələ də dövlətə gərəkli olması barədə qəti fikir formalaşdırmaq siyasətini həyata keçirir. Səbəb aydın görünür -27 avqustdan sonra da vəzifəsini qorumaq istəyi...

Ona görə də cərəyan edən mövcud hadisələri soydaşlarımız düzgün analiz etməli, hansı dövlətdə yaşamalarından asılı olmayaraq qanunlara və sivil davranış qaydalarına hörmətlə yanaşmalı, hüquqlarının qorunması üçün bütün qanuni vasitələrərdən istifadə edilməli, doğulduğu Azərbaycan torpağının və xalqının adını şərəflə qorumalıdırlar və sonda mübaliğəsiz deyərdik ki, sadaladığımız bu proseslər xalqımızın iradəsini heç cür qıra bilməz. Çünki xalq qalib, zəhmətkeş, cəsur xalqdır, dövlətimiz dünyəvi dəyərlərə söykənən hüquqi dövlətdir, Prezidentimiz qalib Prezidentdir, sözün əsl mənasında Qarabağ Fatehidir,. Azərbaycan da əvvəlki Azərbaycan deyil və bunu qonşu dövlətlər nə qədər tez dərk etsələr, bir o qədər yaxşıdır.

Müqəddəs Sultanov

3-cü dətəcəli dövlət ədliyyə müşaviri

Oxşar xəbərlər