Məzmuna keç

“Onlar ən sərt şəkildə cəzalandırılmalıdır”

“Bu, sadəcə qanun pozuntusu deyil, xalqın mənəvi dəyərlərinə açıq hörmətsizlikdir”.

Bu sözləri e-huquq.az-a açıqlamasında vəkil Emin Kiçikbəyov Şəhidlər Xiyabanında qeyri-etik hərəkətlər edərək video çəkən əcnəbilərlə bağlı danışarkən deyib.

"Cinayət Məcəlləsinin 245-ci maddəsinə əsasən, qəbir və ya meyit üzərində təhqiredici hərəkət iki ilədək islah işləri və ya beş ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Lakin bu hadisənin Şəhidlər Xiyabanı kimi müqəddəs bir məkanda baş verməsi, mənim fikrimcə, ağırlaşdırıcı hal kimi qiymətləndirilməlidir. Məhkəmə bu şəxslərə islah işi yox, azadlıqdan məhrumetmə cəzası verməlidir”.

Vəkilin fikrincə, bu cür addımlar təkcə hüquqi məsuliyyət doğurmur, həm də milli-mənəvi sərhədlərin pozulması kimi qiymətləndirilməlidir: "Kimliyindən asılı olmayaraq, bu hərəkəti edən şəxslər ən sərt şəkildə cəzalandırılmalıdır. Əminəm ki, məhkəmə ən obyektiv və ədalətli qərarı verəcək. Elə 3 ay həbs qətimkan tədbirinin özü belə onlar üçün ciddi bir cəzadır".

E.Kiçikbəyov əlavə edib ki, bu cür hallara qarşı sərt hüquqi tədbirlər gələcəkdə oxşar hadisələrin qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, veriləcək ədalətli və prinsipial qərar digər şəxslər üçün də ciddi bir siqnal və dərs olacaq. Bu yanaşma həm ölkənin milli dəyərlərinin qorunmasına, həm də ictimai nizamın təmin olunmasına xidmət edir.

Xatırladaq ki, Şəhidlər Xiyabanında qeyri-etik hərəkətlər edib videoya çəkən 3 əcnəbi barəsində Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb, Səbail Rayon Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Humay Eminqızı