- 17:21
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində “Azerbazalt Elmi-İstehsalat Birliyi” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak ediblər.
“Azerbazalt Elmi-İstehsalat Birliyi” MMC-yə hüquqi xidmət göstərən vəkil Şaiq Mirzəyev e-huquq.az-a açıqlamasında bildirib ki, bu əlamətdar hadisə ölkəmizdə sənaye potensialının gücləndirilməsi və regionların iqtisadi inkişafı baxımından mühüm addımdır.
O deyib ki, “Azerbazalt Elmi-İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu il tarixindən rəsmi dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası ərazisində dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, dağ-mədən çıxarma işləri, faydalı qazıntıların çıxarılması, bazalt yataqların işlənməsi, bazalt kompozit materialların (bazalt lifləri, bazalt ipləri və s.) istehsalı sahəsində fəaliyyətini qurub.
Qeyd edib ki, “Azerbazalt Elmi-İstehsalat Birliyi”nin işğaldan azad olunmuş ərazilərdə, xüsusilə ”Ağdam Sənaye Parkı”da müasir, innovativ avadanlıqlarla təchiz olunmuş bazalt əsaslı 3D printer və katriclərin istehsalı, kompozit HUB və təlim mərkəzinin yaradılması, yerli əhali üçün yüksək əməktutumlu iş yerlərinin yaradılması, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, yerli əhalinin səmərəli məşğulluğunun təmin olunması yolu ilə iqtisadi inkişafa töhvə vermək təşkil edir.
Ş.Mirzəyevin sözlərinə görə, “Azerbazalt Elmi-İstehsalat Birliyi” MMC-nin cari hədəflərindən biri bazalt yatağının istismarı və üyüdülmə vasitəsilə əldə ediləcək bazalt gübrəsinin xarici bazara çıxarmaq və yerli, ekoloji təmiz, rəqabətədavamlı məhsullar ilə ölkəmizi beynəlxalq səviyyədə tanıtmaqdan ibarətdir. Belə ki, bazalt gübrəsinin qeyri-üvzi torpaq gücləndirici, yəni gübrə (fertiliser) şəklində satışa çıxarılması planlaşdırılır ki, bunun üçün zəruri olan, beynəlxalq dərəcəli bütün sertifikat və lisenziyalar əldə edilmişdir. Avropa Birliyi Əqli mülkiyyət İdarəsi, eyni zamanda Böyük Britaniya və Şimali İrlandiya Əqli mülkiyyət İdarəsi tərəfindən “Blue Lake” əmtəə nişanı qeydiyyata alınıb. Eyni zamanda, “Latvian Certification Center” Ltd tərəfindən nümunə məhsul test edilərək gübrənin identifikasiyası və təsviri hazırlanmış və Avropa Birliyi gübrə məhsullarının bazara çıxarılmasına dair qaydalara uyğunluğu yoxlanılaraq Cəmiyyətə “BLUE LAKE, volcanic rock dust” məhsullarına uyğunluq nişanı tədbiqi hüququ verilib.
Vəkil bildirib ki, MMC Göygöl rayonu, “Çaykənd” bazalt yatağını Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin 10.10.2022-ci il tarixli, 0120 №li Dağ-Mədən ayırması Aktına əsasən 10 oktyabr 2047-ci il tarixinədək (25 il) istifadəsinə götürüb. Cəmiyyət infrastruktur qurulması və iri-tonnajlı avadanlıqların yerləşdirilməsi məqsədilə 05.10.2023-cü il tarixli 3M-64 saylı icarə müqaviləsi bağlayaraq “Çaykənd” bazalt yatağının yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 30 hektar torpaq sahəsini 15 il müddətinə icarəyə götürüb.