- 26 Avqust 19:44
Bu il ali məktəblərə 57236 nəfər (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 96.27% dolub.
E-huquq.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında yer alıb.
Bildirilib ki, avqustun 28-dən sentyabrın 2-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcəkdir.
I mərhələdən sonra tələbə qəbulu aparılan 43 mülki ali təhsil müəssisəsinin 12-də (Azərbaycan Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Bakı Avrasiya Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) plan yerləri 100 %, bundan əlavə, 26 ali təhsil müəssisəsində 90%-dən çox dolub.
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 8-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Qeyd edək ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1549 (RK üzrə 1255, Rİ üzrə 294) plan yeri boş qalıb. Boş qalan plan yerlərinin müsabiqəsinə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. RK altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 4 nəfərdir. Rİ altqrupu üzrə müvafiq say 38-dir. RK altqrupunda ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı 599 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər yalnız Şərabçılıq (tədris ingilis dilində) ixtisasını seçə bilərlər (ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayanlar). Digər ixtisaslar üzrə boş yerlər qalmayıb.
II ixtisas qrupu üzrə 278 plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Bu şərti ödəyərək müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 18 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəkləri ixtisaslar üzrə boş plan yerləri qalmayıb.
III ixtisas qrupu üzrə 30 (hamısı DT altqrupu üzrə) plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. DT altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 3249 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəkləri ixtisaslar üzrə boş plan yerləri qalmayıb.
IV ixtisas qrupu üzrə 218 plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 233 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı isə 291 nəfərdir. Bu abituriyentlər yalnız Bağçılıq və tərəvəzçilik, Su bioehtiyatları və akvakultura ixtisaslarını seçə bilərlər (rus bölməsi üzrə yalnız “Садоводство и овощеводство”).
V ixtisas qrupu üzrə 144 plan yeri boş qalıb. Lakin bir daha abituriyentlərin diqqətinə çatdırırıq ki, boş qalan plan yerlərinin seçimində xüsusi qabiliyyət tələb edən ixtisaslar (müvafiq komissiyalar) üzrə müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı avqustun 27-si gün ərzində “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq. Jurnalda yalnız qəbul aparıla biləcək ixtisasların siyahısı təqdim olunacaq. Belə ki, keçirilmiş müsabiqə nəticəsində “Abituriyent” jurnalının 4-cü nömrəsində yer alan və yalnız dövlət sifarişi (YDS) əsasında qəbul aparılan ixtisaslar üzrə dövlət sifarişli (DS) yerlər qalmayıbsa, bu ixtisaslara qəbul aparılmayacaq və "Abituriyent" 7 jurnalında verilməyəcək. Jurnalda ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat da təqdim olunacaq.