Dövlətin əsasları kimi Konstitusiya və suverenlik institutları


  • 17:04

Hər bir dövlətin varlığı yalnız onun coğrafi sərhədləri və əhalisinin sayı ilə ölçülmür. Dövlət anlayışını məna baxımdan dərinləşdirən iki mühüm sütun vardır ki, bunlar konstitusiya və suverenlikdir. Bu iki anlayış bir-birindən müstəqil görünə bilər, lakin əslində biri olmadan digəri ya mənasını itirir, ya da məhdud çərçivədə qalır.

Dövlətçiliyin hüquqi əsaslarını təşkil edən fundamental sənədlər arasında Konstitusiya xüsusi yer tutur. Hər bir dövlətin suverenliyinin hüquqi ifadəsi olaraq, Konstitusiya yalnız dövlətin idarəetmə formasını və vətəndaşların hüquq və azadlıqlarını müəyyən etmir, eyni zamanda onun müstəqil mövcudluğununun təməl daşı kimi çıxış edir. Konstitusiya dövlətin hüquqi şəxsiyyətini formalaşdıran sənəddir və məhz bu baxımdan onun suverenliklə əlaqəsi ayrılmazdı. Konstitusiya olmadan dövlətin hüquqi sistemindən, suveren mövqeyindən və idarəetmə səlahiyyətlərindən danışmaq mümkün deyil. Konstitusiya sadəcə kağızda yazılan qaydalar toplusu deyil, onun real gücə çevrilməsi üçün arxasında dayanan bir prinsip olmalıdır ki, bu prinsip də suverenlikdir.

Azərbaycan Respublikasının müstəqillik yolu Konstitusiyanın və suverenliyin necə paralel şəkildə inkişaf etdiyini göstərən bariz nümunədir. 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunduqdan sonra hüquqi boşluqları dolduracaq, dövlətin yeni dövrdə necə fəlaiyyət göstərəcəyini müəyyən edəcək əsas sənəd Konstitusiya 12 noyabr 1995-ci ildə qəbul edildi. Bu sənədin qəbul olunması həm daxili legitimliyi, həm də beynəlxalq tanınmanı gücləndirdi. Burada diqqət çəkən məqam Konstitusiyanın qəbul edilmə prosesinin bilavasitə xalqın iradəsinə əsaslanması idi. Bu isə suverenliyin yalnız hüquqi deyil, həm də demokratik qaynağa malik olduğunu göstərir. Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin suverenliyinin hüquqi əsasını təşkil edir.

Şübhəsiz ki, bu sahədə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin rolu danılmazdır. Onun siyasi lider kimi fəaliyyəti yalnız dövlət quruculuğu ilə məhdudlaşmayıb, həm də konstitusion hüquq sisteminin formalaşdırılmasında və dövlət suverenliyinin real məzmunla doldurulmasında mühüm rol oynayır. Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi-referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.

Konstitusiya Azərbaycanın ümummilli mənafeləri ilə baǧlı bütün məsələlərin yalnız xalqın iradəsi əsasında həll olunmasının mümkünlüyünü təsbit etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası hamçinin Azərbaycan dövləti qarşısında duran başlıca vəzifələri və başqa dövlətlərlə münasibətlərin əsaslandıǧı prinsipləri müəyyənləşdirir. Əsas Qanunumuzun 7-ci maddəsinin II hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isa yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdıǧı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Bu maddə Azərbaycan dövlətinin suverenliyini əks etdirir. Konstitusiyada birmənalı şəkildə bəyan edilir ki, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla tanınan beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.

Əsası Ulu öndər tərəfindən qoyulmuş siyasətin uğurlu davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin baş komandanlığı ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış “Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli, 294 nömrəli Sərəncamına əsasən, sentyabrın ayının 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.

Ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən sonra işğaldan azad edilmiş əeazilərdə suveren hüquqlardan istifadə təmin olunub. Bunun üçün hüquqi baza məhz Azərbaycan Respublikasının Konstitusiyasıdır. Konstitusiya həmin ərazilərdə də qanunların tətbiqində, hüquq sisteminin yaradılmasında, dövlət qurumlarının fəaliyyətinin bərpa olunmasında əsas rol oynayır. Suveren hüquqların təmin olunması ilə bağlı proseslər məhz Konstitusiyanın aliliyinə əsaslanır və işğaldan azad edilmiş ərazilərdə hüquqa əsaslanan inkişafı təmin edir.

Cənab prezidentin 28.12.2024-cü il tarixli Sərəncamına əsasən, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.

Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi barədə Sərəncamda qeyd edildiyi kimi: “Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”.

2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən tarixi bir hadisədir. Bu qərar milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addım olmaqla yanaşı, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi, hüquqi islahatların gücləndirilməsi və dövlət quruculuğunun inkişafı baxımından mühüm addımdır. baxımından da xüsusi əhəmiyyətə malikdir. Bu il çərçivəsində artıq çoxsaylı tədbirlər keçirilmiş, müvafiq işlər görülmüş, həmçinin bundan sonra da görüləcək işlər, həyata keçiriləcək tədbirlər hüquqi dövlət quruculuğu, milli suverenliyin qorunması və dövlətçilik dəyərlərinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

Xanım Əşrəfova

Nəsimi rayon prokurorunun köməkçisi,

III dərəcəli hüquqşünas

Oxşar xəbərlər