- 17:45
Son illərdə Bakıda daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımı həm yerli əhali, həm də investorlar arasında ciddi maraq və narahatlıq doğurur. Şəhərin demək olar ki, bütün rayonlarında, xüsusilə də mərkəzi və yeni inkişaf edən ərazilərdə mənzillərin və torpaq sahələrinin qiymətləri nəzərəçarpacaq dərəcədə yüksəlib. Bu prosesin arxasında müxtəlif iqtisadi, sosial və demoqrafik faktorlar dayanır.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı e-huquq.az-a açıqlamasında deyib ki, bu artımların səbəblərindən biri də ipoteka predmetinə çevrilə bilən, çıxarışlı və ümumi sahəsi az olan mənzillərlə bağlıdır.
Ekspert bildirib ki, son 4 ildə daşınmaz əmlak bazarında satılan mənzillərin böyük qismi müxtəlif kredit şərtləri ilə əldə edilir: “Əgər əmlak kreditlə satılıbsa, onun yenidən bazara çıxarılması üçün illərlə gözləmək lazım gəlir. Ən azı, həmin mənzilin kreditinin tam bağlanması tələb olunur. Bu baxımdan bazarda həm mənzil, həm də alıcı sayı artdıqca, qiymət artımları da qaçılmaz olur. Hər il avqust-sentyabr aylarında investorlar mənzilləri alaraq tələbələrə kirayə verirlər. Bu da həmin mövsümlərdə qiymətlərin qalxmasına səbəb olur. Ümumilikdə qiymətlər uzun müddətdir ki, artan xətt üzrə inkişaf edir. Hazırda mənzillərin ucuzlaşması gözlənilmir”.
E.Fərzəliyev qeyd edib ki, Bakıda yeni çoxmənzilli yaşayış binalarının tikilməsi üçün torpaq sahələrinin tükənməsi və torpaqların baha qiymətə satılması qiymət artımına təsir edən əsas amillərdəndir: “Torpaq sahələri olmadığına görə tikinti şirkətləri mövcud köhnə binaları sökərək onların yerində yeni çoxmənzilli binalar inşa edirlər. Bu zaman əvvəlki mənzilin sahiblərinə kirayə və köç xərcləri ödənilir və yeni binadan mənzil təklif olunur. Bu proses isə tikinti xərclərinin maya dəyərini artırır və nəticə etibarilə qiymətlərə təsir edir”.
Ekspertin sözlərinə görə, hazırda Bakının Nəsimi, Səbail, Nərimanov və Yasamal rayonlarında mənzil qiymətləri xüsusilə yüksəkdir: “Şəhər mərkəzinə yaxınlaşdıqca, hətta köhnə binalarda belə qiymətlər artır. Digər tərəfdən, istismar müddətini başa vurmuş binaların söküntüsü bu tip mənzillərə tələbi artırır. İnsanlar bu binalardan mənzil alaraq, gələcəkdə söküntü zamanı əlavə mənzil, köç və kirayə haqqı əldə etməyə çalışırlar. Nəticədə, tikinti şirkətləri həmin sakinlərə daha geniş sahəli, təmirli mənzillər təklif edir və bu da köhnə mənzilin bazar dəyərindən daha yüksək qiymətlə başa gəlir. Belə hallarda mərkəzi ərazilərdə qiymət artımı daimi xarakter daşıyır. Hazırda nisbətən ucuz hesab olunan ərazilər Günəşli massivi və Yeni Yasamalın bəzi hissələridir. Amma yaxın gələcəkdə bu ərazilərdə də tələbatın artması ilə qiymətlərin yüksələcəyi gözlənilir”.
E.Fərzəliyev, həmçinin qeyd edib ki, kirayə mənzil bazarında da mövsümi qiymət artımı müşahidə olunur: “Əsasən avqust-sentyabr aylarında bölgələrdən paytaxta axın edən tələbələrin sayının artması mənzil bazarında qıtlıq və qiymət artımına səbəb olur. Bu vəziyyətdən ən çox əziyyət çəkən isə tələbələrdir. Onlar ali təhsil müəssisələrinin yaxınlığında münasib qiymətə mənzil tapa bilmədiklərinə görə, Bakıətrafı ərazilərə üz tuturlar. Bu isə onların əlavə nəqliyyat və gündəlik xərclərlə üzləşməsinə gətirib çıxarır”.
Şəbnəm Mehdizadə