İsti hava insanları daha çox şəkər yeməyə vadar edir - Alimlərdən XƏBƏRDARLIQ


  • 9 Sentyabr 10:40

Yeni aparılan elmi araşdırma göstərib ki, iqlim dəyişikliyi insanların daha çox şəkər istehlak etməsinə səbəb olur. Temperaturun yüksəlməsi ilə xüsusilə qazlı içkilərə, meyvə şirələrinə, dondurma və soyuq desertlərə olan tələbat artır.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 2004-2019-cu illər ərzində ABŞ-da ərzaq alış-verişinə dair məlumatları təhlil edən tədqiqatçılar, bu məlumatları regional hava şəraiti ilə müqayisə edərək belə nəticəyə gəliblər ki, hava istiliyi artdıqca şəkərli içki və şirniyyat istehlakı da artır.

Araşdırmaya görə, hər 1 dərəcə Selsi temperatur artımı gündəlik orta hesabla 0,7 qram əlavə şəkər qəbuluna səbəb olur. Bu təsir xüsusilə 20-30 dərəcə Selsi aralığında daha nəzərəçarpacaqdır.

Tədqiqat, həmçinin göstərib ki, aşağı gəlirli və aşağı təhsil səviyyəsinə malik ailələrdə bu təsir daha güclüdür. Bu əhali qruplarının ucuz və asan əldə edilə bilən şəkərli məhsullara çıxışı daha asan olduğundan, isti havalarda bu məhsullara üstünlük verilməsi daha çox müşahidə olunur.

Bundan əlavə, bu qruplarda kondisionerdən istifadə səviyyəsinin aşağı olması da isti havalarda şəkərli məhsullara yönəlməni artırır.

Alimlər xəbərdarlıq edirlər ki, əgər istixana qazı emissiyaları azaldılmasa, 2095-ci ilə qədər ABŞ-da adam başına gündəlik şəkər istehlakı orta hesabla 3 qram arta bilər. Bu isə piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri riskini daha da artıracaq.

ABŞ Ürək Assosiasiyası gündəlik qida rasionunda alınan kalorilərin maksimum 6%-nin əlavə şəkərdən ibarət olmasını tövsiyə edir. Bu da kişilər üçün gündə 36 qram, qadınlar üçün isə 26 qram şəkərə bərabərdir.

Kembric Universitetindən Şarlotta Kukovski araşdırmada iştirak etməsə də, onun iqlim dəyişikliyinin insan sağlamlığına təsiri ilə bağlı çox vaxt nəzərdən qaçırılan bir aspekti ortaya qoyduğunu bildirib. O vurğulayıb ki, ən həssas əhali qrupları həm yüksək temperatura daha çox məruz qalır, həm də qeyri-sağlam qidalanmadan qaynaqlanan xəstəliklərə daha açıq olurlar.

Tədqiqatçılar hesab edirlər ki, bu tendensiya müxtəlif regionlarda da araşdırılmalı və iqlim dəyişikliyinə uyğunlaşma siyasətlərinin bir hissəsi olaraq şəkər istehlakının tənzimlənməsi də gündəmə gətirilməlidir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər